GCAP proqramı yeni ölkələrin iştirakına açılır

2026/06/1782318205.jpg
Oxunub: 316     20:21     24 İyun 2026    
İtaliyanın müdafiə naziri Quido Krosetto Böyük Britaniya, Yaponiya və İtaliya tərəfindən həyata keçirilən GCAP (Qlobal Döyüş Aviasiyası Proqramı) layihəsinə yeni ölkələrin qoşula biləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Krosetto Romada keçirilən tədbirdə proqramın mövcud tərəfdaşlar arasında planlaşdırıldığı kimi davam etdiyini bildirib.

Onun sözlərinə görə, Kanadanın layihəyə müşahidəçi qismində qoşulmağa ən yaxın ölkə olduğu hesab edilir. İtaliyalı nazir GCAP proqramının yeni iştirakçılar üçün açıq olduğunu vurğulayaraq Almaniya və Səudiyyə Ərəbistanının da gələcəkdə layihəyə daxil ola biləcəyini qeyd edib.

Krosetto bildirib ki, daha çox ölkənin proqrama qoşulması həm xərclərin bölüşdürülməsinə, həm də layihənin uzunmüddətli davamlılığının artırılmasına töhfə verəcək.

Hazırda GCAP Böyük Britaniya, Yaponiya və İtaliyanın ortaq layihəsi kimi həyata keçirilir. Açıqlama Almaniya və Fransanın birgə reallaşdırdığı FCAS (Gələcək Nəsil Hava Döyüş Sistemi) proqramı ilə bağlı qeyri-müəyyənliklərin artdığı dövrə təsadüf edib.

Avropa mətbuatında yayılan məlumatlara görə, dəyəri təxminən 113,3 milyard dollar olan FCAS layihəsində yaranmış fikir ayrılıqları səbəbindən Almaniya və Fransa proqramın dayandırılması variantını da nəzərdən keçirir.

İtaliyanın Baş naziri Corcia Meloni iyunun 15-də Yaponiyanın Baş naziri ilə keçirdiyi görüşdən sonra GCAP proqramının əməliyyat mərhələsinə keçdiyini açıqlamışdı. Yaponiya tərəfi də layihə üzrə işlərin sürətləndirilməsində maraqlı olduğunu bildirib.

GCAP çərçivəsində hazırlanacaq 6-cı nəsil döyüş təyyarəsinin Böyük Britaniyadan BAE Systems, İtaliyadan “Leonardo” və Yaponiyadan “Mitsubishi Heavy Industries” tərəfindən hazırlanması planlaşdırılır.

Proqram çərçivəsində yaradılan yeni nəsil döyüş təyyarəsinin 2035-ci ilə qədər silahlanmaya qəbul ediləcəyi gözlənilir.

GCAP 2022-ci il dekabrın 9-da Böyük Britaniyanın Tempest layihəsi ilə Yaponiyanın F-X proqramının birləşdirilməsi nəticəsində yaradılıb. Layihə çərçivəsində hazırlanacaq təyyarələrin Böyük Britaniya və İtaliyanın inventarındakı “Eurofighter Typhoon”, həmçinin Yaponiyanın “Mitsubishi F-2” döyüş təyyarələrini əvəz etməsi nəzərdə tutulur.

Üç ölkə yalnız yeni döyüş təyyarəsi deyil, həm də insansız sistemlərlə birgə fəaliyyət göstərə bilən, qabaqcıl sensorlar, məlumat mübadiləsi şəbəkələri və yüksək səviyyəli şəbəkə mərkəzli müharibə imkanlarına malik yeni nəsil hava döyüş sistemi yaratmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: GCAP   Krosetto   İtaliya  


Bizi "telegram"da izləyin