Emre Tezmen: “TERA müdafiə sənayesində daimi oyunçu olacaq”

2026/06/960x5-1782304238.jpg
Oxunub: 250     16:28     24 İyun 2026    
“TERA Holdinq” müdafiə sənayesinə yatırımlarının qısamüddətli maliyyə gəliri məqsədi daşımadığını və bu sahədə uzunmüddətli fəaliyyət göstərməyi planlaşdırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “TERA Holdinq”in İdarə Heyətinin sədri Emre Tezmen şirkətin müdafiə sənayesindəki fəaliyyət planları barədə danışıb.

Tezmen son günlər “TERA Holdinq”in müdafiə sənayesi şirkətlərinə investisiyalarının gələcəkdə həmin şirkətlərin satışı məqsədi daşıdığına dair iddiaları qəti şəkildə rədd edib.

Onun sözlərinə görə, TERA Qrupu fəaliyyət göstərdiyi bütün sahələrdə uzunmüddətli baxışla hərəkət edir və müdafiə sənayesində də qalıcı oyunçu olmağı hədəfləyir.

Tezmen bildirib ki, Türkiyə müdafiə sənayesinin qlobal miqyasda yüksəlişi bəzi dairələri narahat edir və yeni investorların müxtəlif iddialarla təzyiq altında saxlanılmağa çalışılması da bunun nəticəsidir.

O qeyd edib ki, müdafiə sənayesi yüksək əlavə dəyər yaradan, strateji əhəmiyyətə malik və rəqabət qabiliyyətli sahə olduğuna görə “TERA Holdinq” üçün əsas fəaliyyət istiqamətlərindən biridir.

Şirkət rəhbəri vurğulayıb ki, “BEST Qrup”un satın alınması ilə TERA müdafiə sənayesinə ilk addımını atıb və bundan sonra da həm texnologiya, həm də maliyyə imkanlarından istifadə etməklə sektorda mühüm rol oynamağı planlaşdırır.

Tezmenin sözlərinə görə, məqsəd yeni həllər hazırlayan, innovativ məhsullar yaradan və ixrac potensialına malik şirkətlər formalaşdırmaqdır.

O bildirib ki, “BEST Qrup”un məhsullarına həm Türkiyədə, həm də xarici bazarlarda ciddi tələbat var və şirkət gələcəkdə məhsul çeşidini genişləndirməyi, mövcud sistemlərin imkanlarını artırmağı hədəfləyir.

SAHA EXPO 2026 çərçivəsində müdafiə texnologiyaları sahəsində müxtəlif şirkətlərlə yeni əməkdaşlıqlar qurulduğunu xatırladan Tezmen qeyd edib ki, bu əməkdaşlıqlar gələcəkdə daha da genişlənəcək.

Müdafiə sənayesində Pilotsuz Uçuş Aparatlarının (PUA) roluna da toxunan “TERA Holdinq” rəhbəri bildirib ki, PUA texnologiyaları müasir müharibə anlayışında dönüş nöqtəsinə çevrilib.

Onun sözlərinə görə, Türkiyə bu sahədə dünya miqyasında nümunə göstərilən uğur əldə edib və BAYKAR tərəfindən hazırlanan “Bayraktar” TB2 və AKINCI kimi sistemlər bir çox münaqişələrdə döyüşün gedişatına təsir göstərib.

Tezmen əlavə edib ki, PUA ekosistemi yalnız hava platformalarından ibarət deyil, radioelektron mübarizə, süni zəka inteqrasiyası, komanda-idarəetmə sistemləri və logistika zənciri ilə birlikdə qiymətləndirilməlidir.

Onun sözlərinə görə, “TERA Holdinq” də müdafiə sənayesindəki mövqeyini məhz bu kompleks yanaşma əsasında formalaşdırır və portfelindəki şirkətlərin bu ekosistemin tamamlayıcı hissəsinə çevrilməsini hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tezmen   TERA  


Bizi "telegram"da izləyin