İtaliya: 6-cı nəsil döyüş təyyarəsi layihəsi GCAP-a daha çox ölkə qoşula bilər

2026/06/1782304174.jpg
Oxunub: 276     16:26     24 İyun 2026    
İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, İtaliya, Böyük Britaniya və Yaponiyanın birgə həyata keçirdiyi GCAP adlı 6-cı nəsil döyüş təyyarəsi proqramına gələcəkdə əlavə ölkələr də qoşula bilər.

Ordu.az xəbər verir ki, Krosetto bu barədə Romada keçirilən tədbirdə jurnalistlərə açıqlamasında danışıb.

Nazir qeyd edib ki, Böyük Britaniya və Yaponiya ilə birgə həyata keçirilən Qlobal Hava Döyüş Proqramı üzrə işlər uğurla davam edir.

Onun sözlərinə görə, Kanada yeni döyüş təyyarəsi proqramına müşahidəçi qismində qoşulmaqda ən çox maraq göstərən ölkələrdən biridir.

Krosetto layihəyə daha çox ölkənin qoşulacağını düşündüyünü bildirərək Almaniya və Səudiyyə Ərəbistanının da iştirak etmək istədikləri halda buna açıq olduqlarını vurğulayıb.

Xatırladaq ki, Almaniya və Fransa iyunun 8-də Avropanın ən iddialı ortaq müdafiə layihələrindən biri hesab olunan və dəyəri 100 milyard avro qiymətləndirilən FCAS - Yeni Nəsil Hava Döyüş Sistemi proqramını dayandırmaq barədə razılığa gəliblər.

İtaliyanın Baş naziri Corca Meloni də iyunun 15-də yaponiyalı həmkarı Sanae Takaiçi ilə keçirdiyi görüşdən sonra GCAP layihəsinin artıq əməliyyat mərhələsinə keçdiyini bildirib.

Yaponiyanın “Mitsubishi Heavy Industries”, Böyük Britaniyanın “BAE Systems” və İtaliyanın “Leonardo” şirkətlərinin iştirak etdiyi layihə çərçivəsində 2035-ci ilədək 6-cı nəsil döyüş təyyarəsinin hazırlanması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   GCAP   Təyyarə  


Bizi "telegram"da izləyin