Qətər Quru Qoşunları ilə Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələri birgə təlim keçirib

2026/06/1782297704.jpg
Oxunub: 181     14:36     24 İyun 2026    
Qətər Quru Qoşunları və Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələri arasında keçirilən birgə təlim və hazırlıq fəaliyyətləri başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dohada yerləşən Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığında təşkil olunan təlimlərdə Qətər Quru Qoşunlarının komandanı general-mayor Casim Əli əl-Atiyyə iştirak edib.

Təlimin yekun mərhələsində yaşayış məntəqələrində döyüş əməliyyatlarına yönəlmiş qabaqcıl taktiki manevrlər və səhra tətbiqləri icra olunub. Hazırlıq proqramı çərçivəsində kütləvi iğtişaşlara müdaxilə tapşırıqları üzrə ssenari əsaslı məşqlər də keçirilib.

Açıqlamada qeyd olunub ki, təlimlərin əsas məqsədi iştirakçı bölmələrin döyüş hazırlığı səviyyəsini yüksəltmək, müştərək fəaliyyət qabiliyyətlərini inkişaf etdirmək və iki tərəf arasında əməliyyat koordinasiyasını gücləndirməkdir.

Həmçinin vurğulanıb ki, təlim ortaq təhlükəsizlik təhdidlərinə qarşı effektiv və peşəkar mübarizə aparmaq üçün qüvvələrin səmərəliliyinin və əməliyyat imkanlarının artırılmasına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, Türkiyə ilə Qətər arasında 2014-cü il dekabrın 19-da imzalanmış Yüksək Strateji Komitənin yaradılmasına dair anlaşma çərçivəsində iki ölkə arasında hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq inkişaf etdirilib, Qətərdə Türkiyə Silahlı Qüvvələri üçün hərbi baza ayrılıb.

Bu çərçivədə Türkiyə Silahlı Qüvvələri Qətərdə yerləşdirilib və iki ölkə arasında mütəmadi birgə hərbi təlimlər keçirilib.

2015-ci ilin oktyabrında Tarık bin Ziyad kazarmasında yerləşdirilən Türkiyə Quru Qoşunları Komandanlığı 2017-ci ilin dekabrından etibarən Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığı adı altında hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlərinə başlayıb.

2019-cu il dekabrın 14-də isə Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvələr Komandanlığının qərargahı iki ölkənin müdafiə nazirləri və baş qərargah rəislərinin iştirakı ilə açılıb və qərargaha “Xalid bin Vəlid” kazarması adı verilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Türkiyə  


Bizi "telegram"da izləyin