Rumıniya Prezidenti baş nazir təyin etmək üçün üçüncü cəhdə başlayıb

2026/06/1782293008.jpg
Oxunub: 196     13:22     24 İyun 2026    
Rumıniya Prezidenti Nikuşor Dan parlament partiyaları ilə məsləhətləşmələrdən sonra hökumətin formalaşdırılması üçün üçüncü cəhdə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.

Məlumata görə, daha əvvəl Danın müşaviri, Avropa Parlamentinin deputatı Euqen Tomak namizədliyini geri götürüb, Milli Liberal Partiyasının üzvü Adrian Veştean isə parlamentdə kifayət qədər dəstək qazana bilməyib.

“Digi24”ün məlumatına əsasən, Kotroçeni Sarayında keçirilən görüş zamanı bütün partiyalar azlıq hökumətinin yaradılması üçün öz namizədlərini irəli sürüblər. Sosial Demokrat Partiyası hökumət başçısı vəzifəsinə partiya lideri Sorin Qrindyanu, Milli Liberal Partiyası və “Rumıniyanın Xilas Birliyi” isə sabiq baş nazir İliye Bolojanın namizədliyini təqdim edib.

Müxalifətdə olan “Rumınların Birləşməsi Alyansı” yalnız öz namizədinə səs verməyə hazır olduğunu bəyan etsə də, konkret ad açıqlamayıb.

Bununla yanaşı, telekanalın məlumatına görə, Prezident Dan maliyyə naziri vəzifəsini müvəqqəti icra edən Aleksandru Nazarenin namizədliyini irəli sürməyə meyllidir. Lakin onun parlamentdə lazımi sayda səsi necə toplayacağı hələ də açıq qalır.

Rumıniyada siyasi böhran aprelin 20-də Sosial Demokrat Partiyasının İliye Bolojana siyasi dəstəyini dayandırması və hökumətdəki nazirlərini geri çağırmasından sonra başlayıb.

Partiya hökumətin həyata keçirdiyi sərt qənaət tədbirləri ilə razılaşmadığını və hakim koalisiyanın tərəfdaşları arasında real dialoqun olmadığını bildirib. Bundan sonra hökumət müvəqqəti status alıb və səlahiyyətləri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Prezident   Baş-nazir  


Bizi "telegram"da izləyin