Ordu.az xəbər verir ki, Türkiyə tərəfinin yaydığı məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, müdafiə sahəsində əməkdaşlıq, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
NATO müdafiə nazirlərinin toplantısı çərçivəsində keçirilən görüşdə nümayəndə heyətləri arasında da müzakirələr aparılıb. Görüşün gündəliyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Brüsseldə keçirilən toplantı 2026-cı il iyulun 7-8-də Ankarada baş tutacaq NATO Zirvəsi öncəsi müdafiə nazirlərinin son görüşü olub.
Yaşar Gülər tədbir çərçivəsində Fransanın müdafiə naziri Ketrin Votren ilə də görüşüb, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak etdiyi Ukrayna Müdafiə Təmas Qrupunun iclasına qatılıb.
Türkiyə əsilli ailədən olan Dilan Yeşilgöz-Zegerius 2026-cı ilin fevralında qurulan azlıq hökumətində həm baş nazir müavini, həm də müdafiə naziri vəzifələrini icra edir. O, vəzifəyə gəldiyi vaxtdan etibarən hökumətin Ukrayna və NATO ilə bağlı gündəliyinə rəhbərlik edir.
Görüş Niderlandın müdafiə sahəsində fəal dövr keçirdiyi vaxta təsadüf edib. Ölkə yaxın vaxtlarda Ukraynaya hava hücumundan müdafiə sistemləri və Pilotsuz Uçuş Aparatlarını (PUA) əhatə edən 500 milyon avroluq yeni hərbi yardım paketi ayırdığını açıqlayıb.
Paketin 250 milyon avroluq hissəsi Niderland müdafiə sənayesindən alınacaq PUA-lara, qalan hissəsi isə ABŞ rəhbərliyində həyata keçirilən Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı proqramına yönəldiləcək. Bu proqram çərçivəsində hava hücumundan müdafiə raketləri, F-16 qırıcıları üçün sursatlar və müxtəlif insansız sistemlərin tədarükü nəzərdə tutulur.
Hollandiya eyni zamanda hava hücumundan müdafiə sahəsində yenidənqurma işləri həyata keçirir. Ölkə Ukraynaya bir “Patriot” kompleksini verdikdən sonra zəifləyən imkanlarını bərpa etmək məqsədilə 2026-cı il aprelin 7-də “Raytheon” şirkəti ilə 627 milyon dollarlıq müqavilə imzalayıb.
Müqavilə radarların, buraxılış qurğularının və komanda-idarəetmə sistemlərinin tədarükünü nəzərdə tutur.
Hökumət müdafiə xərclərini NATO-nun müəyyən etdiyi 3,5 faiz hədəfinə çatdırmağı planlaşdırır. Bu məqsədlə müdafiə büdcəsinə hər il əlavə 19 milyard avro ayrılması nəzərdə tutulur.
Sevinc Əliyeva
Ordu.az