“Axios”: Demokratlar Trampın təsviri olan əskinaslara çəkilən xərclərin araşdırılmasını tələb edirlər

2026/06/1782275190.jpg
Oxunub: 235     09:48     24 İyun 2026    
ABŞ Konqresində Demokratlar Partiyasını təmsil edən senatorlar Prezident Donald Trampın təsviri olan 250 dollarlıq əskinasın hazırlanması üçün ayrılan vəsaitlərin araşdırılmasını tələb ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, demokrat senatorlar Maliyyə Nazirliyinin Baş Müfəttiş İdarəsinə müraciət edərək “250 dollarlıq qanunsuz əskinas” adlandırdıqları layihə ilə bağlı xərclərin araşdırılmasını istəyiblər.

Portal qeyd edir ki, ABŞ qanunvericiliyinə əsasən pul nişanları və qiymətli kağızlar üzərində yalnız vəfat etmiş şəxslərin portretləri yerləşdirilə bilər.

“Amerikalılar qiymət artımları ilə üzləşməkdə davam etdiyi bir vaxtda Maliyyə Nazirliyi təcili iqtisadi problemlərin həllinə diqqət yetirməli, prezidentin şəxsi şöhrətpərəstliyinə xidmət edən qanunsuz layihəyə resurs ayırmamalıdır”, - deyə demokrat senatorların çərşənbə axşamı yayımlanan məktubunda bildirilir.

Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent bildirmişdi ki, Konqres bu təşəbbüsü dəstəkləməyəcəyi təqdirdə Vaşinqton administrasiyası Trampın portreti olan 250 dollarlıq əskinasın dövriyyəyə buraxılmasına çalışmayacaq.

“The Washington Post” qəzetinin daha əvvəl yaydığı məlumata görə, ABŞ Maliyyə Nazirliyi fəaliyyətdə olan prezidentin təsviri yerləşdirilmiş 250 dollarlıq əskinasın hazırlanması ideyasını irəli sürür.

Əgər bu təşəbbüs həyata keçirilərsə, Tramp son 150 ildə sağlığında ABŞ əskinası üzərində təsviri yer alan ilk şəxs olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Demokratlar   Tramp  


Bizi "telegram"da izləyin