Ermənistan Konstitusiya Məhkəməsi MTX-dən sərhədi keçən şəxslərlə bağlı məlumatlar tələb edib

2026/06/1782156433.jpg
Oxunub: 210     13:20     24 İyun 2026    
Ermənistan Konstitusiya Məhkəməsi “Güclü Ermənistan” blokunun məlumat və materialların təqdim olunması ilə bağlı vəsatətini qismən təmin edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Konstitusiya Məhkəməsinin prosedur qərarına əsasən, Mərkəzi Seçki Komissiyasından iyunun 24-ü saat 18:00-dək parlament seçkilərində iştirak etmiş və məlumatları, həmçinin səsvermə yeri məxfi saxlanılmış 16 738 nəfər barədə tam məlumatların təqdim olunması tələb edilib.

Bundan əlavə, Ermənistan Konstitusiya Məhkəməsi müvafiq seçici siyahılarında yaşayış yeri qeydiyyatından müvəqqəti çıxarılan şəxslərin sayının, onların arasında 18-23 yaş qrupuna aid olanların sayının, eləcə də həmin şəxslərin iki və ya daha çox dəfə səs verməsinin qarşısını almaq üçün hansı hüquqi, texniki və təşkilati nəzarət mexanizmlərinin tətbiq olunduğunun açıqlanmasını istəyib.

Məhkəmə həmçinin şəxsiyyət sənədi məlumatlarının mütəxəssis tərəfindən klaviatura vasitəsilə texniki qurğuya daxil edilməsi nəticəsində çap olunmuş səsvermə talonlarının sayının 79 125 olması ilə bağlı izahat tələb edib. Qurum bu qədər çox halda məlumatların niyə əl ilə daxil edildiyini, bunun hansı sənədlər əsasında həyata keçirildiyini, seçicinin düzgün identifikasiyasının təmin olunub-olunmadığını və təkrar və ya qanunsuz səsvermə risklərinin qarşısının necə alındığını öyrənmək istəyir.

Digər qərarla Ermənistan Konstitusiya Məhkəməsi öz təşəbbüsü ilə Milli Təhlükəsizlik Xidmətindən Ermənistan sərhədini keçən şəxslərlə bağlı məlumatlar tələb edib. Xüsusilə, 25-31 may, 1-7 iyun və 8-14 iyun tarixlərində Ermənistana daxil olmuş 18 yaşdan yuxarı Ermənistan vətəndaşlarının, həmçinin 31 may-6 iyun, 7-13 iyun və 14-20 iyun tarixlərində ölkədən çıxmış vətəndaşların statistik göstəricilərinin təqdim olunması istənilib.

Məhkəmə, həmçinin 2025-ci il mayın 25-dən iyunun 14-dək Ermənistana daxil olmuş və 2025-ci il mayın 31-dən iyunun 20-dək ölkədən çıxmış şəxsiyyət vəsiqəsi və ya pasportu olan 18 yaşdan yuxarı şəxslərin sayının ayrıca təqdim edilməsini tələb edib. Bu məlumatlar 2026-cı ilin eyni dövrü üzrə göstəricilərlə müqayisə ediləcək.

Xatırladaq ki, iyunun 19-da Ermənistan Konstitusiya Məhkəməsinə 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı yeddi müraciət daxil olub. Müraciətlərin əksəriyyətində əsas tələb Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrini təsdiqləyən qərarının etibarsız sayılmasıdır.

“Güclü Ermənistan” bloku seçkilərin nəticələrinin ləğv edilməsini, alternativ tələb kimi isə seçkilərin ikinci turunun keçirilməsini istəyir.

Ermənistan Konstitusiya Məhkəməsi bütün müraciətləri bir icraatda birləşdirib. “Vətəndaş Müqaviləsi” partiyası iş üzrə üçüncü tərəf kimi cəlb olunub. Məhkəmə baxışı iyunun 26-na saat 11:00-a təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya-Məhkəməsi   MTX  


Bizi "telegram"da izləyin