Erməni mütəxəssis: “Rusiyadan idxalı dayandırsaq, bütün əhali problemlə üzləşəcək”

2026/06/1782367638.jpg
Oxunub: 219     16:09     29 İyun 2026    
“Rusiyadan Ermənistana taxıl, enerji daşıyıcıları və gündəlik istehlak məhsullarının böyük hissəsi idxal olunur və bu tədarükün dayandırılması ciddi nəticələrə səbəb ola bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni kənd təsərrüfatı mütəxəssisi, “Güclü Ermənistan” partiyasının seçki siyahısının üzvü Harutyun Mnatsakanyan bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə Rusiyadan məhsul idxalının dayandırılması ilə bağlı çağırışlar səsləndirilir və bu cür təkliflərin nəticələri nəzərə alınmalıdır.

“Sadəcə məlumat xarakterli olaraq sizinlə bölüşmək istəyirəm ki, Rusiyadan hansı məhsullar idxal olunur və bunun dayandırılmasının hansı nəticələrə səbəb ola biləcəyini təsəvvür edəsiniz”, - deyə Mnatsakanyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanda istehlak edilən və heyvandarlıq sektorunda istifadə olunan taxılın 80 faizdən çoxu Rusiyadan gətirilir.

“Bu, buğda, arpa, qarğıdalı, çovdar və digər kənd təsərrüfatı bitkiləridir. Yəni bizim bütün heyvandarlıq sahəmiz, gündəlik çörəyimiz Rusiya buğdası hesabına təmin olunur. Rusiyadan böyük həcmdə bitki yağı, noxud, mərci, qarabaşaq, müxtəlif düyü növləri, yulaf məhsulları idxal edilir. Həmçinin Rusiyadan münasib qiymətlərlə araq məhsulları gətirilir”, - deyə o bildirib.

Mnatsakanyan əlavə edib ki, enerji daşıyıcıları sahəsində də Ermənistanın Rusiyadan ciddi asılılığı var.

“Rusiyadan maye qaz, təbii qaz, dizel yanacağı, benzin və digər məhsullar idxal olunur. Mən sadəcə başa düşmək istəyirəm ki, bu cür çağırışları edənlər nə düşünürlər? Əgər ixrac bağlanıbsa və sahibkarlar problemlə üzləşibsə, idxalı da bağlamaqla bütün əhalini problemlərlə üz-üzə qoymuş olacaqsınız.

Bu cür bəyanatlar verərkən məsuliyyət hissi də olmalıdır. İnsanlar anlamalıdırlar ki, belə qərarların nəticələri bütün ölkəyə təsir göstərə bilər”, - deyə Mnatsakanyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin