Ordu.az xəbər verir ki, bununla da sözügedən birlik yenidən təşkilatlanma prosesini başa çatdıraraq Sakit okean regionunda tam əməliyyat qabiliyyətinə çatıb.
2026-cı ilin iyun ayında “Camp Courtney” bazasında təhvil alınan sistemlər ABŞ Dəniz Piyadalarının Sakit okean bölgəsində həyata keçirdiyi “Paylanmış Əməliyyatlar” konsepsiyasının əsas elementlərindən hesab olunur. 2023-cü ildə 12-ci Dəniz Alayının bazasında yaradılan 12-ci Dəniz Sahil Alayı Yaponiyanın cənub-qərb ada zəncirində fəaliyyət göstərəcək mobil və aşağı görünən qüvvə kimi formalaşdırılıb.
Birliyə təhvil verilən NMESIS (Navy-Marine Expeditionary Ship Interdiction System) sistemi insansız JLTV taktiki platformaları üzərində inteqrasiya edilmiş iki ədəd “Naval Strike Missile” gəmi əleyhinə raketindən ibarətdir.
Norveçin KONGSBERG şirkəti tərəfindən hazırlanmış NSM raketi təxminən 185 kilometr mənzilə malikdir. Dəniz səthinə yaxın uçuş trayektoriyası, infraqırmızı axtarış başlığı və aşağı görünmə xüsusiyyətləri sayəsində müasir döyüş gəmilərinə qarşı effektiv imkanlar təqdim edir.
Uzaqdan idarə olunan insansız JLTV platforması operatorların təhlükəsiz ərazilərdə fəaliyyət göstərməsinə imkan verir, raket buraxılış qurğuları isə ön mövqelərdə yerləşdirilə bilir.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Okinavada yerləşdirilmiş NMESIS batareyaları Tayvan boğazı və Şərqi Çin dənizi ətrafındakı mühüm dəniz kommunikasiyalarına təhlükə yarada bilər.
12-ci Dəniz Sahil Alayına təhvil verilən ikinci sistem olan MADIS (Marine Air Defense Integrated System) isə kiçik və orta sinfə məxsus Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı hazırlanıb.
JLTV platforması üzərində quraşdırılan sistem 30 mm-lik top, 7.62 mm-lik pulemyot, “Stinger” qısamənzilli hava hücumundan müdafiə raketləri və müxtəlif sensorlardan ibarətdir. MADIS sisteminin əsas vəzifəsi NMESIS buraxılış qurğuları kimi yüksək əhəmiyyətli hədəfləri PUA və aşağı hündürlükdən gələn hava təhdidlərindən qorumaqdır.
ABŞ Dəniz Piyadaları 2035-ci ilə qədər ümumilikdə 190 MADIS sistemini silahlanmaya qəbul etməyi planlaşdırır.
12-ci Dəniz Sahil Alayı NMESIS və MADIS sistemlərini eyni vaxtda silahlanmasına qəbul edən ikinci ABŞ Dəniz Piyadaları birliyi olub. Havayda yerləşən 3-cü Dəniz Sahil Alayı bu sistemləri 2024-cü ildə qəbul etmiş və Filippinlərlə Yaponiyada keçirilən “Balikatan” və “Resolute Dragon” təlimlərində istifadə etmişdi.
12-ci Dəniz Sahil Alayının komandanı polkovnik Piter Eltrinqhem bildirib ki, yeni imkanlar bölgədə çəkindirmə qabiliyyətini artıracaq.
“Təxminən 2 min şəxsi heyətdən ibarət olan bu döyüş gücünü Okinavaya gətiririk. Beləliklə, onu rəqiblərimizin gözü qarşısında yerləşdirmək və döyüş meydanında həlledici nöqtəyə çatdırmaq imkanına malik oluruq”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az