Makron Starmerə təşəkkür edib və Fransa-Britaniya əməkdaşlığının davam etdiriləcəyini bəyan edib

2026/06/1782148600.jpg
Oxunub: 195     21:15     22 İyun 2026    
Fransa Prezidenti Emmanuel Makron istefa verən Böyük Britaniyanın Baş naziri Kir Starmerə təşəkkür edərək, birgə fəaliyyət dövründə formalaşdırılan siyasətin davam etdiriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, Makron bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Fransa Prezidenti qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq müdafiə, nüvə energetikası, kosmos və innovasiya sahələri də daxil olmaqla bir sıra strateji istiqamətləri əhatə edir.

Onun sözlərinə görə, bu əməkdaşlıq çərçivəsində iyul ayında keçiriləcək Fransa-Britaniya sammiti də mühüm əhəmiyyət daşıyır.

Makron vurğulayıb ki, tərəflər arasında formalaşan əməkdaşlıq formatı Fransa, Böyük Britaniya və Avropa vətəndaşlarının rifahı naminə tərəfdaşlığın inkişaf etdirilməsi üzrə ümumi öhdəliyi nümayiş etdirir.

Fransa Prezidenti həmçinin Starmerə Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kiyevə dəstək vermək məqsədilə yaradılmış “istəklilər koalisiyası” təşəbbüsünü dəstəklədiyinə və Böyük Britaniya ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşdırılmasına töhfə verdiyinə görə xüsusi təşəkkür edib.

Xatırladaq ki, Kir Starmer daha əvvəl Baş nazir vəzifəsindən ayrılmaq qərarını açıqlayıb. O, varisinin seçilməsinə qədər vəzifəsində qalacaq.

Starmer eyni zamanda Kral III Çarlza Leyboristlər Partiyasının lideri postundan ayrılacağı barədə məlumat verib.

Partiyanın yeni liderinin seçilməsi prosesi iyulun 9-da başlayacaq və Starmer bu seçkilərdə iştirak etməyəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Starmer  


Bizi "telegram"da izləyin