NASA-nın məxfiliyi ləğv edilmiş materialları Ayla bağlı yeni müzakirələrə səbəb olub

2026/06/1781855303.jpg
Oxunub: 204     11:45     19 İyun 2026    
NASA-nın məxfiliyi ləğv edilmiş yeni sənədlərində Ayda mümkün yadplanetli bazası ilə bağlı qeyd yer alıb. Bu məlumat beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Ordu.az “Daily Mirror” nəşrinə istinadən xəbər verir ki, ABŞ hakimiyyət orqanları tərəfindən yayımlanan 72 yeni fayl arasında “Apollo-16” missiyasından sonra keçirilmiş qapalı müzakirəyə aid audioyazı da yer alıb.

“Apollo-16” missiyası 1972-ci ildə həyata keçirilmişdi. Həmin vaxt amerikalı astronavtlar beşinci dəfə Aya eniş etmiş və bir sıra elmi təcrübələr aparmışdılar.

Audioyazıda alimlər Ayda aparılmış lazer ölçmələrini, qravitasiya məlumatlarını və digər elmi məsələləri müzakirə ediblər. Söhbət zamanı Ayın görünməyən tərəfində yerləşən Van de Qraaf krateri yaxınlığındakı böyük boşluqdan da bəhs olunub.

Müzakirə zamanı iştirakçılardan biri zarafatla həmin boşluğun yadplanetli bazası və ya buna bənzər bir obyekt ola biləcəyini bildirib. Daha sonra isə növbəti slaydda Ayın görünən tərəfinin təqdim ediləcəyi qeyd olunub.

Mənbənin məlumatına görə, bu fikir heç vaxt rəsmi elmi təsdiq almayıb və qeyri-rəsmi söhbət zamanı səsləndirilib. Bundan sonra iştirakçılar Ay səthinin xüsusiyyətləri ilə bağlı elmi müzakirələri davam etdiriblər.

Qeyd olunur ki, yayımlanan materiallarda Ayda yadplanetli fəaliyyətinin mövcudluğunu təsdiqləyən hər hansı rəsmi sübut yer almır. Buna baxmayaraq, sənədlərdəki bu ifadə sosial şəbəkələrdə və müxtəlif media platformalarında yeni müzakirələrə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Ay  


Bizi "telegram"da izləyin