Ordu.az xəbər verir ki, bu barədə UKMTO Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra açıqlama yayıb.
Qurum bildirib ki, regiondakı vəziyyətin nisbətən sabitləşməsi fonunda təhlükə səviyyəsi azaldılsa da, dənizçilər ehtiyatlı olmalıdırlar.
UKMTO boğaz ətrafında minaların mövcud ola biləcəyi və davam edən minatəmizləmə əməliyyatları səbəbindən hərbi dəniz qüvvələrinin aktiv fəaliyyət göstərdiyi barədə xəbərdarlıq edib.
Həmçinin tranzit marşrutlarında ticarət gəmilərinin sıxlığının artacağı və hərbi dəniz qüvvələrinin təhlükəsiz hərəkəti təmin etmək üçün bölgədə qalacağı bildirilib.
Daha əvvəl davam edən regional hərbi əməliyyatlar səbəbindən Hörmüz boğazında təhlükə səviyyəsi “kritik” qiymətləndirilirdi.
UKMTO-nun açıqlaması ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İran limanlarına tətbiq olunan dəniz blokadasının tamamilə ləğv edildiyini elan etməsindən sonra yayılıb.
CENTCOM bildirib ki, ABŞ hərbi qüvvələri prezidentin göstərişi əsasında İran limanlarına və sahil bölgələrinə daxil olan və oradan çıxan bütün dəniz nəqliyyatı üçün tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.
Eyni zamanda qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri memorandumun bütün müddəalarının yerinə yetirilməsinə nəzarət etmək məqsədilə bölgədə qalmağa davam edəcək.
İmzalanan memorandum İran tərəfindən Hörmüz boğazının dərhal açılmasını, ABŞ tərəfindən isə dəniz blokadasının ləğv edilməsini nəzərdə tutur.
Sevinc Əliyeva
Ordu.az