“SkyFall” süni zəka ilə təchiz edilmiş yeni P1-SUN “Long” önləyici PUA-sını təqdim edib

2026/06/Ekran-1781803224.jpg
Oxunub: 188     21:18     18 İyun 2026    
Ukraynanın “SkyFall” şirkəti hədəfləri avtonom şəkildə aşkarlamaq və məhv etmək imkanına malik süni zəka modulu ilə təchiz olunmuş yeni P1-SUN “Long” önləyici Pilotsuz Uçuş Aparatını (PUA) təqdim edib.

Ordu.az xəbər verir ki, təqdimat Fransada keçirilən “Eurosatory 2026” sərgisində baş tutub.

Şirkətin məlumatına görə, P1-SUN “Long” “Shahed” tipli hədəflərə qarşı tam avtonom tutma sisteminin yaradılması istiqamətində atılmış növbəti addımdır.

“SkyFall”ın tədqiqat və inkişaf qrupu tərəfindən hazırlanmış sistem hədəflərin aşkarlanması və yönləndirilməsi funksiyalarını yerinə yetirir.

Şirkət nümayəndələrinin sözlərinə görə, süni zəka modeli düşmən hədəflərini insan gözündən daha sürətli aşkar edib müşayiət edə bilir. Optik avadanlığın növündən asılı olaraq sistem hədəfləri 1 kilometrədək məsafədə aşkarlayıb ələ keçirə bilir.

Süni zəka modulu hədəfi müəyyən edir, izləyir və nişanalmanı saxlayır. Bu da operatora mürəkkəb döyüş şəraitində daha sürətli və dəqiq fəaliyyət göstərməyə imkan verir.

Şirkət qeyd edib ki, modul adi prosessor üzərində işləyir və qrafik prosessorlara ehtiyac duymur. Bu xüsusiyyət xüsusi süni zəka avadanlıqlarının çatışmazlığı şəraitində istehsalın davamlılığını artırır.

“SkyFall” həmçinin uzaqdan proqram yenilənməsi sistemini tətbiq edib. Bunun sayəsində neyron şəbəkə alqoritmləri məsafədən təkmilləşdirilə bilir.

Şirkət nümayəndəsi bildirib ki, süni zəka modelini yeniləmək üçün PUA-nı istehsalçıya göndərməyə ehtiyac yoxdur və bütün proses heyətin olduğu yerdən həyata keçirilə bilər.

Model P1-SUN önləyici PUA-larının real döyüş istifadəsi zamanı toplanmış məlumatlar, simulyasiyalar və “Shahed” tipli PUA-ların istilik izlərini təqlid edən xüsusi hədəf emulyatoru əsasında öyrədilib.

Şirkətin məlumatına görə, P1-SUN “Long” artıq döyüş şəraitində sınaqdan keçirilib və onlarla “Shahed” tipli PUA-nın məhv edilməsində istifadə olunub.

“SkyFall” qeyd edib ki, süni zəkanın inteqrasiyası sistemi daha sürətli, daha dəqiq və kütləvi tətbiq üçün daha uyğun edib.

P1-SUN “Long” həmçinin “SkyFall” şirkətinin uzaqdan idarəetmə sistemi ilə inteqrasiya olunub. Bu imkan sabit internet bağlantısı olan istənilən nöqtədən idarəetməni mümkün edir.

Şirkət vurğulayıb ki, hava təhdidlərinin qarşısının alınması üçün süni zəka modulunun tətbiqi yeni nəsil avtonom pilotsuz sistemlər və sürülər yaratmaq strategiyasının tərkib hissəsidir.

Bu məqsədlə illər ərzində toplanmış video və telemetriya məlumatlarından istifadə edilərək tanıma, naviqasiya və yönləndirmə alqoritmləri davamlı şəkildə təkmilləşdirilir.

Qeyd edək ki, sərgidən bir gün əvvəl “SkyFall” və Avropanın “Airbus Defence and Space” şirkəti strateji tərəfdaşlığın yaradılması barədə anlaşma memorandumu imzalayıblar.

Əməkdaşlığın əsas məqsədi Ukrayna və Avropa ölkələrinin hava məkanının genişmiqyaslı PUA və raket hücumlarından müdafiəsini gücləndirməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SkyFall   P1-SUN   Long  


Bizi "telegram"da izləyin