CSG çoxtəbəqəli “Trident” HHM sistemini təqdim edib

2026/06/Ekran-1781803124.jpg
Oxunub: 183     21:13     18 İyun 2026    
“Czechoslovak Group” (CSG) şirkəti tərəfdaşları ilə birlikdə “Eurosatory 2026” sərgisində yeni modul quruluşlu “Trident” çoxtəbəqəli hava hücumundan müdafiə sistemini təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Trident” hərbi birliklərin, strateji obyektlərin və geniş ərazilərin təyyarələrdən, helikopterlərdən, idarəolunan raketlərdən və pilotsuz uçuş aparatlarından qorunması üçün nəzərdə tutulub.

Modul quruluş sayəsində sistem qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə funksiyalarını yerinə yetirə bilir. Onun konfiqurasiyası sifarişçinin əməliyyat tələblərindən asılı olaraq dəyişdirilə bilər.

Layihənin əsas tərəfdaşlarından biri Türkiyənin ROKETSAN şirkətidir. Şirkət sistem üçün müasir zenit raketləri təmin edir. “Trident” standart konfiqurasiyada infraqırmızı görüntüləmə və aktiv radar axtarış başlığı ilə təchiz olunan raketlərdən istifadə edir. Raketlərin növündən asılı olaraq hədəflər 100 kilometrədək məsafədə məhv edilə bilər.

Bu kombinasiyanın sayəsində sistem müxtəlif tip hədəflərə qarşı çoxtəbəqəli müdafiə yarada və döyüş meydanındakı dəyişən şəraitə uyğunlaşa bilir.

Bir “Trident” atəş batareyası tam ötürücülü şassi üzərində qurulmuş bir neçə xüsusi təyinatlı maşından ibarətdir. İdarəetmə FCC mobil kəşfiyyat və atəşə nəzarət mərkəzi vasitəsilə həyata keçirilir.

Hava hədəflərinin aşkarlanması üçün sistem ReSAURION ailəsinə aid 3D AESA radarları ilə təchiz olunub. RSB21 radarı hədəfləri 200 kilometrədək, RSB41 isə 470 kilometrədək məsafədə aşkarlaya bilir.

Atəş imkanları zenit raketləri ilə silahlandırılmış özüyeriyən MLV buraxılış qurğuları, həmçinin MRV nəqliyyat-yükləmə və MSV texniki xidmət maşınları ilə təmin edilir.

Pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün “Trident” sistemi “ReGUARD” taktiki radarı, proqramlaşdırılan partlayıcı sursat atan avtomatik toplar və kiçik kinetik önləyici raketlərlə təchiz oluna bilər. Bu yanaşma bahalı zenit raketlərinin daha vacib hədəflər üçün saxlanmasına imkan verir.

Sistemə əlavə olaraq radioelektron mübarizə vasitələrinin inteqrasiyası da mümkündür.

“Trident” sisteminin əsas komanda elementi RETIA şirkətinin hazırladığı “ReCUBE” mobil kəşfiyyat, komanda və rabitə mərkəzidir. Bu mərkəz müxtəlif rabitə kanalları vasitəsilə bütün sensorlar və silah sistemlərinin real vaxt rejimində inteqrasiyasını təmin edir.

“Trident” bir neçə CSG şirkətinin və türk tərəfdaşlarının birgə məhsuludur. Sistemin əsas inteqratoru onu dünya bazarına təqdim edən Excalibur International şirkətidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CSG   Trident  


Bizi "telegram"da izləyin