Ordu.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “358_SAKOYAN” adlı istifadəçi məlumat və fotolar paylaşıb.
Məlumata görə, F-35A qırıcısı ilk uçuşunu 2026-cı il iyunun 10-da Naqoya şəhərində yerləşən və “Komaki” Hərbi Hava Bazası kimi tanınan zavod aerodromundan həyata keçirib.
Həmin ərazidə Yaponiya üçün F-35A qırıcılarının yekun yığımını həyata keçirən “Mitsubishi Heavy Industries” müəssisəsi yerləşir. Komaki Cənub Zavodu hazırda Yaponiyada F-35A qırıcılarının yığıldığı yeganə müəssisə olaraq qalır.
Təyyarəyə istehsal ardıcıllığını göstərən AX-52 seriya nömrəsi verilib. Bundan sonra qırıcı Yaponiya Özünümüdafiə Hava Qüvvələrinə təhvil verilməzdən əvvəl uçuş sınaqlarından keçəcək.
Hazırda F-35A qırıcıları 301-ci, 302-ci və 303-cü taktiki aviasiya eskadrilyalarının silahlanmasında yer alır. İlk iki eskadrilya tam şəkildə beşinci nəsil qırıcılarla təchiz olunub. 303-cü eskadrilya isə yeni F-35A-ları qəbul etməyə davam edir və onları F-15J qırıcıları ilə birlikdə istismar edir.
Komaki Hərbi Hava Bazasında həmçinin pilotların hazırlığı və F-35A qırıcılarına keçid təlimlərini həyata keçirən bölmə fəaliyyət göstərir.
Bu günə qədər “Mitsubishi Heavy Industries” tərəfindən ümumilikdə 48 F-35A yığılıb. İlk dörd təyyarə isə “Lockheed Martin” tərəfindən istehsal olunmuşdu.
Qeyd edək ki, 2019-cu ildə bort nömrəsi “705” olan və “Mitsubishi” tərəfindən yığılmış ilk F-35A qırıcısı qəzaya uğrayaraq itirilmişdi.
Şirkət sonuncu dəfə 2025-ci ilin oktyabr ayının sonunda 44-cü F-35A qırıcısının yığımını tamamlamışdı. Bort nömrəsi “59-8748” olan həmin təyyarə “Mitsubishi Heavy Industries” tərəfindən yığılmış 44-cü F-35A olmuşdu.
Sevinc Əliyeva
Ordu.az