Qazaxıstan vətəndaşı Rusiya PUA-ları üçün optik lif idxalında lider olub

2026/06/Ekran-1781801784.jpg
Oxunub: 212     20:54     18 İyun 2026    
Qazaxıstan vətəndaşı Yermek Suyundukov 2025-ci ilin ilk rübündə Rusiya üçün optik lif və onun sarınması üçün avadanlıq idxal edən əsas şəxslərdən birinə çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “The Insider” nəşrinin gömrük məlumatları əsasında hazırladığı araşdırmada bildirilir.

Araşdırmaya görə, Qazaxıstan və Rusiya vətəndaşlığına malik iş adamı 2025-ci ilin yanvar-mart aylarında Rusiyaya rekord həcmdə optik lif materialları gətirib. O, həmçinin optik liflərin makaralara sarınması üçün istifadə olunan avadanlıqların və digər Pilotsuz Uçuş Aparatı (PUA) komponentlərinin sertifikatlaşdırılması ilə məşğul olub.

Məlumata əsasən, həmin dövrdə Suyundukov Rusiya Federasiyasına ümumilikdə 120 ton optik lif tədarük edib. Bir PUA üçün istifadə edilən optik lif makarasının təxminən iki kiloqram çəkidə olduğu nəzərə alınarsa, bu həcm on minlərlə PUA-nın təchizatı üçün kifayət edir.

Yüklər Sankt-Peterburq gömrük idarəsinin yaxınlığındakı Şuşarı sənaye zonasına çatdırılıb. İş adamı optik liflə yanaşı, 3,5 milyon dollar dəyərində 140 min litium-ion batareya və 50 min elektrik mühərriki də idxal edib.

Bundan başqa, həmin dövrdə o, 65 min optik rabitə cihazı, 15 min optik linza, videokameralar üçün 450 kiloqram elektron lövhə və 160 kiloqram pər də Rusiyaya gətirib.

Araşdırmada qeyd olunur ki, jurnalistlərin sorğularına baxmayaraq, Suyundukov məsələ ilə bağlı açıqlama verməyib.

İş adamı Rusiyada Çinin “Dongguan Henghui Electronic Technology”, “Dilong New Energy Technology Hebei” və “Shanghai Rui Tai Photoelectric Technology” şirkətlərinin optik lif makaralama avadanlıqlarını sertifikatlaşdırıb. Bundan əlavə, ONTS-BS-1(2) tipli bayonet birləşdiriciləri də sertifikatlaşdırılıb.

2025-ci ildə Rusiyaya göndərilən optik liflərin demək olar ki, hamısı iki Çin şirkəti olan “Foshan Bangyang Import and Export Co., Ltd” və “Hubei Guanqun Import and Export” tərəfindən təmin olunub.

Araşdırmada qeyd edilir ki, həmin şirkətlər özlərini istehsalçı kimi təqdim etsələr də, bu adlar optik lif istehsalçıları bazarında tanınmır.

Rusiyada optik lif alan ikinci ən böyük şirkət isə mülki təyinatlı optik kabellər istehsal edən “Incab MMC” olub. Şirkətin Rusiyanın hərbi sənaye müəssisələri olan “VNDI Signal” ASC və Tula şəhərində yerləşən KBP Konstruktor Bürosu ilə maliyyə əlaqələri olduğu bildirilir.

Araşdırma zamanı alıcı qismində çıxış edən jurnalistlər müəyyən ediblər ki, “Incab” zavodu PUA-lar üçün optik lif makaralarını satışa çıxarmağa hazırdır.

Bundan əlavə, şirkət Rusiyanın hərbi qüvvələri tərəfindən retranslyasiya və müşahidə platformaları kimi istifadə edilən bağlı aerostatlar üçün xüsusi kabellər də istehsal edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Rusiya   PUA  


Bizi "telegram"da izləyin