Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov məlumat verib.
Onun sözlərinə görə, PUA istehsalı layihəsi Niderland Müdafiə Nazirliyi tərəfindən maliyyələşdiriləcək.
Fedorov sosial şəbəkə hesabında bildirib ki, “Build with Ukraine” proqramı çərçivəsində Ukrayna istehsalı olan pilotsuz sistemlərin Niderlandda istehsalına start verilir.
Nazir qeyd edib ki, ilkin mərhələdə proqram çərçivəsində istehsal ediləcək PUA-lar yalnız Ukrayna Silahlı Qüvvələrinin və digər müdafiə bölmələrinin ehtiyaclarının qarşılanmasına yönəldiləcək.
“Build with Ukraine” təşəbbüsü müttəfiq dövlətlər və xarici şirkətlərlə əməkdaşlıq hesabına Ukrayna müdafiə texnologiyalarının xaricdə istehsal həcmini artırmaq məqsədi daşıyır.
Ukrayna və Niderland arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında ayrıca saziş də imzalanıb. Saziş müdafiə innovasiyalarının inkişafını və Ukrayna ilə Niderland müdafiə sənayesi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Fedorov vurğulayıb ki, Ukrayna texnologiyaları və döyüş təcrübəsi tərəfdaş ölkələrin müasir müharibənin çağırışlarına daha sürətli uyğunlaşmasına kömək edir.
Nazirin sözlərinə görə, müttəfiqlərin dəstəyi isə döyüş meydanında effektivliyini sübut etmiş həllərin istehsalının genişləndirilməsinə imkan yaradır.
Fedorov həmçinin Niderlanda yeni 500 milyon avroluq yardım paketinə görə təşəkkür edib. Paket çərçivəsində 250 milyon avro Ukrayna Müdafiə Qüvvələri üçün PUA tədarükünə, digər 250 milyon avro isə PURL proqramı vasitəsilə ABŞ istehsalı silahların alınmasına ayrılacaq.
Nazir bildirib ki, Niderland Ukraynanın əsas müdafiə tərəfdaşlarından biri olaraq qalır və həm yardımın həcmi, həm də keyfiyyəti baxımından ön sıralardadır.
Sevinc Əliyeva
Ordu.az