Ukrayna PUA-ları Krımda dəmir yolu körpüsünü vurub

2026/06/Ekran-1781801422.jpg
Oxunub: 180     20:45     18 İyun 2026    
İşğal altındakı Krımda yerləşən strateji əhəmiyyətli dəmir yolu körpüsü Pilotsuz Uçuş Aparatı (PUA) hücumuna məruz qalıb.

Ordu.az xəbər verir ki, iyunun 18-nə keçən gecə PUA-lar Rusiyanın işğalı altında olan Krımın İçki rayonunun Rozdolne kəndi yaxınlığında Şimali Krım kanalı üzərində yerləşən dəmir yolu körpüsünə zərbələr endirib.

Bu barədə “Crimean Wind” monitorinq “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, körpü Cankoy-Kerç dəmir yolu marşrutunun mühüm hissəsidir və Krım boyunca dəmir yolu daşımaları baxımından strateji əhəmiyyət daşıyır.

Hücumdan sonra körpünün yaxınlığında yanğın baş verib. Bildirilir ki, əgər konstruksiya ciddi zərər görübsa, Krıma və Krım daxilində dəmir yolu hərəkəti ciddi şəkildə məhdudlaşa və ya tamamilə dayana bilər.

Şahidlərin sözlərinə görə, gecə saatlarında körpü yaxınlığında təxminən 20 partlayış səsi eşidilib. Sosial şəbəkələrdə yayılan videolarda da ərazidə fəaliyyət göstərən PUA-ların səslərinin eşidildiyi iddia olunur.

NASA-nın FIRMS monitorinq sistemi tərəfindən əldə edilən peyk görüntüləri daha sonra körpünün yerləşdiyi ərazidə genişmiqyaslı yanğının baş verdiyini təsdiqləyib.

Məlumatda qeyd olunur ki, hücum zamanı yerli əhali arasında “qozbel körpü” kimi tanınan avtomobil körpüsü də zərbə alıb. Hər iki obyektə dəyən zərərin həcmi hələlik məlum deyil.

Sözügedən dəmir yolu xətti Rusiyanın cənub cəbhəsindəki qüvvələri üçün xüsusi əhəmiyyət daşıyır. Bu marşrut vasitəsilə ağır zirehli texnika, sursat və yanacaq daşınır.

Bundan əlavə, peyk görüntülərində Vladislavivka stansiyası yaxınlığında dəmir yolu xətti boyunca yanğın izləri də qeydə alınıb. Həmin stansiya Kerçi Cankoy və Feodosiya ilə birləşdirən əsas nəqliyyat qovşaqlarından biri hesab olunur.

Daha əvvəl Ukrayna zərbələri nəticəsində bir sıra mühüm körpülər zədələndikdən sonra Rusiya qüvvələri nəqliyyat əlaqələrini saxlamaq məqsədilə Armansk şəhəri yaxınlığında və Xerson vilayətinin Stavki kəndi ətrafında torpaq keçidləri inşa etmişdi.

İyunun 14-də isə Rusiya qüvvələrinin Heniçesk şəhəri yaxınlığında zədələnmiş körpünün əvəzində ponton keçid qurduğu bildirilmişdi.

Həmçinin Çonhar istiqamətində də ponton körpü inşa edilib. Peyk görüntüləri həmin müvəqqəti keçidin ən geci iyunun 7-dən etibarən istifadədə olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin