"Süni intellektin idarə olunması insan hüquqları prinsiplərinə əsaslanmalıdır" - Amina Buayaş

2026/06/Ekran-1781769842.jpg
Oxunub: 168     11:40     18 İyun 2026    
Süni intellekt və digər yeni texnologiyaların inkişafı insanların fundamental hüquq və azadlıqlarının qorunması prinsipləri əsasında həyata keçirilməlidir.

Ordu.az xəbər verir ki, bunu Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının sədri Amina Buayaş “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinə videomüraciətində deyib.

O bildirib ki, texnoloji inkişafın əsas məqsədi mövcud bərabərsizlikləri dərinləşdirmək deyil, bütün insanların rifahına xidmət etmək olmalıdır.

“Biz elə innovasiya və texnologiyalar istəyirik ki, onlar hər kəsə, hər yerdə fayda versin, mövcud bərabərsizlikləri daha da artırmasın və insanların fundamental hüquq və azadlıqlarını pozmasın”, - deyə A.Buayaş vurğulayıb.

Onun sözlərinə görə, milli insan hüquqları institutlarının rolu rəqəmsal transformasiya və yeni texnologiyaların sürətli inkişafı şəraitində daha da artır.

“İnsan hüquqları institutları insan hüquqlarının rəqəmsal transformasiyanın və yeni texnologiyaların tətbiqinin mərkəzində saxlanılmasında mühüm rol oynayırlar. Süni intellektin yaratdığı çağırışlar dövlət sərhədləri ilə məhdudlaşmır və onların həlli beynəlxalq əməkdaşlıq tələb edir.

Bu problemlərə effektiv cavab vermək üçün hökumətlər, beynəlxalq təşkilatlar, milli insan hüquqları institutları və digər tərəfdaşlar arasında əməkdaşlıq vacibdir. Süni intellekt sistemləri beynəlxalq insan hüquqları hüququna əsaslanan idarəetmə mexanizmləri tələb edir”, - deyə o bildirib.

Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının sədri çıxışının sonunda Azərbaycan Ombudsmanına beynəlxalq sammitin təşkilinə görə təşəkkür edib və tədbirin süni intellektin insan hüquqlarına təsiri ilə bağlı qlobal prioritetlərin müzakirəsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Süni-intellekt   Amina-Buayaş  


Bizi "telegram"da izləyin