Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Məlumata görə, qırıcılar İordaniyadakı Muvaffaq Salti aviabazasına çatdırılıb. İranla münaqişə başlamazdan əvvəl də bölgədəki ən böyük ABŞ aviasiya qruplaşması məhz bu bazada yerləşdirilmişdi. Həmin qruplaşmanın tərkibində 30 F-35A qırıcısı da olub.
Hazırda ABŞ-nin Yaxın Şərqdəki taktiki aviasiya qruplaşmasının tərkibində təxminən 300 döyüş təyyarəsi mövcuddur. Bu qüvvələr İordaniya, İsrail, Küveyt, Səudiyyə Ərəbistanı və BƏƏ-dəki aviabazalarda, həmçinin Ərəb dənizində fəaliyyət göstərən iki aviadaşıyıcının göyərtəsində yerləşdirilib.
Qruplaşmaya F-35A, F-15E, F-16 və F/A-18 qırıcıları ilə yanaşı, A-10 hücum təyyarələri də daxildir. Bu təyyarələr İran əleyhinə həyata keçirilən əməliyyatlarda fəal iştirak ediblər.
Bundan əlavə, ötən həftə İran əleyhinə keçirilən iki ABŞ əməliyyatından sonra Vaşinqton Böyük Britaniyanın Feyrford aviabazasındakı strateji bombardmançı qruplaşmasını da genişləndirib. Bazaya əlavə dörd təyyarə göndərilib.
Hazırda aviabazada 18 B-1B “Lancer” və 9 B-52H “Stratofortress” strateji bombardmançısı yerləşir. İranla münaqişə dövründə bu təyyarələr hər gün İranın ən mühüm obyektlərinə, xüsusilə ballistik raketlərin yerləşdirilməsi, saxlanılması və istehsalı üçün nəzərdə tutulan qorunan məkanlara zərbələr endirmək üçün istifadə olunub.
Pentaqon Yaxın Şərqə əlavə aviasiya bölmələrinin göndərilməsinin səbəbləri ilə bağlı hələlik açıqlama verməyib.
Sevinc Əliyeva
Ordu.az