Ordu.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Nəşrin iki məlumatlı mənbəsinin sözlərinə görə, İsrail Ordusunun yüksək vəzifəli nümayəndələri təhlükəsizlik kabinetinin bu həftə keçirilən iclasında nazirlərə və Baş nazir Benyamin Netanyahuya bildiriblər ki, Hörmüz boğazında tətbiq edilən dəniz blokadası səbəbindən İran iqtisadiyyatı ciddi şəkildə zəifləyib və mövcud iqtisadi təzyiqlər davam etdirilsəydi, Tehran daha dərin böhranla üzləşə bilərdi.
Mənbələr qeyd ediblər ki, blokadadan ən çox zərər çəkən sahələrdən biri İranın neft sənayesi olub. Onların sözlərinə görə, məhdudiyyətlərin davam etməsi İranı yeni yataqları bağlamağa məcbur edə və dövlət gəlirlərinin əsas mənbələrindən birinə potensial olaraq geri dönməz zərbə vura bilərdi.
Bununla yanaşı, NBC telekanalı israilli mənbəyə istinadən bildirib ki, İsrail hökuməti hələ də ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunun mətni ilə tanış olmayıb.
Mənbə İsrail diplomatlarının Vaşinqtondan sənədin mətnini tələb edib-etmədiklərini açıqlamayıb.
Eyni zamanda telekanalın ABŞ-li mənbəsinin sözlərinə görə, Vaşinqton Tehrana çatdırıb ki, “Hizbullah” tərəfindən hücum olacağı təqdirdə İsrail cavab zərbəsi endirmək hüququnu özündə saxlayacaq.
“Əgər “Hizbullah” İsrailə hücum etsə, İsrailin cavab zərbəsi endirmək üçün tam imkanı olacaq”, - deyə mənbə bildirib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla anlaşma memorandumunu şəxsən imzaladığını açıqlamışdı. İran tərəfi də sənədin imzalanmasını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az