“Airbus” Ukraynanın “Baba-Yaqa” ağır PUA istehsalçısı ilə əməkdaşlıq sazişi imzalayıb

2026/06/1781526479.jpg
Oxunub: 206     16:13     15 İyun 2026    
Avropanın aerokosmik sahədə fəaliyyət göstərən “Airbus Defence and Space” konserni Ukraynanın ağır kamikadze Pilotsuz Uçuş Aparatları (PUA) istehsal edən “SkyFall” müdafiə şirkəti ilə strateji tərəfdaşlıq memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, imzalanma mərasimi Berlində keçirilən “ILA Berlin” aviasiya sərgisində baş tutub.

“Airbus”un açıqlamasında bildirilib ki, əməkdaşlıq Ukraynanın raket və PUA hücumlarından hava məkanının müdafiəsi imkanlarının gücləndirilməsinə, eləcə də Qərb texnologiyaları ilə Ukraynanın döyüş təcrübəsinin birləşdirilməsi vasitəsilə Avropa müdafiə ekosisteminin inkişafına yönəlib.

Şirkət qeyd edib ki, razılaşma Avropa ölkələri üçün vahid hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutan “European Sky Shield Initiative” (ESSI) təşəbbüsünün məqsədlərinə uyğundur. Həmçinin vurğulanıb ki, tərəfdaşlıq texnoloji suverenliyin möhkəmləndirilməsinə və Ukrayna hərbi texnologiyalarının Avropa bazarına çıxışına şərait yaradacaq.

“Airbus Defence and Space”in baş direktoru Mixael Şelhorn müasir təhdidlərin yeni yanaşmalar tələb etdiyini bildirib.

“Avropada kütləvi və ucuz PUA hücumları və digər zərbə vasitələri formasında meydana çıxan yeni təhdidlərə qarşı mübarizə texnoloji çeviklik, beynəlxalq uyğunluq və döyüş şəraitində sınaqdan keçmiş həllərin tətbiqini tələb edir”, - deyə o qeyd edib.

“SkyFall”ın baş direktoru Nikolay Makoveyev bildirib ki, əməkdaşlığın əsas istiqamətlərindən biri Ukraynanın P1-SUN önləyici PUA-larının “Airbus Air C2” hava məkanının idarə olunması sisteminə inteqrasiyası olacaq.

Onun sözlərinə görə, P1-SUN önləyici PUA-ları artıq müxtəlif növ təxminən 10 min Rusiya PUA-sını məhv edib.

“Məhz bu təcrübə “Airbus” ilə tərəfdaşlığın əsasını təşkil edib. Bu çərçivədə həm Ukrayna, həm də Avropa hava məkanını qorumaq üçün yeni nəsil çoxsəviyyəli hava hücumundan müdafiə sisteminin yaradılması üzərində işləyirik”, - deyə Makoveyev vurğulayıb.

“SkyFall” şirkəti 2022-ci il iyunun ayında yaradılıb və qısa müddətdə Ukraynanın ən böyük PUA istehsalçılarından birinə çevrilib. Şirkət “Vampire” tipli ağır kamikadze PUA-ları, “Shrike” tipli FPV PUA-ları və “Shahed” tipli PUA-lara qarşı istifadə edilən P1-SUN önləyici sistemlərini istehsal edir.

Memorandum Ukrayna hərbi-sənaye şirkətlərinin Avropa müdafiə layihələrinə inteqrasiyasının növbəti nümunəsi olub. Sərgi çərçivəsində raket istehsalçısı olan MBDA şirkəti də Ukraynanın “Ukrayna Zirehli Texnikası” şirkəti ilə əməkdaşlığa başladığını elan edib.

Bundan başqa, “Mercedes-Benz” avtomobil konserni Ukrayna üçün önləyici PUA-lar hazırlayan “Tytan Technologies” startapı ilə əməkdaşlığa başlayıb. Şirkətin rəhbəri Ola Kallenius daha əvvəl “Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, Avropa öz müdafiə qabiliyyətini gücləndirməlidir.

“Əgər “Mercedes” bu məsələdə müsbət rol oynaya bilərsə, biz buna hazırıq”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   Ukrayna   PUA  


Bizi "telegram"da izləyin