Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor.am” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Baş Prokurorluq bu suallara cavab vermək üçün yazılı sorğu göndərilməsini istəyib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə ümumiyyətlə məsələ ilə bağlı açıqlama verməyib. Qurumun mətbuat xidmətinin telefon nömrəsinə edilən zənglər cavabsız qalıb və yalnız avtomatik cavab sistemi işə düşüb.
“Maraqlı məqamlardan biri də Köçəryanın ölkədən çıxışına icazə verilməməsini əks etdirən videonun hakimiyyətə yaxın media qurumlarında yayılmasıdır. Kameranın yerləşdiyi mövqe və görüntülərin məzmunu videonun “Zvartnots” hava limanındakı sərhəd-keçid məntəqəsinin müşahidə kameralarından birinə məxsus olduğunu göstərir.
Bu isə həmin görüntülərin hansı yolla hakimiyyət yönlü media orqanlarının əlinə keçməsi ilə bağlı suallar doğurur. Baş Prokurorluq və Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı susduğu üçün nəşr Köçəryanın hansı səbəbdən ölkədən çıxışının məhdudlaşdırıla biləcəyini araşdırmağa çalışıb.
Məlum olub ki, Ermənistanda fəaliyyət göstərən iki əsas istintaq qurumu olan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi və İstintaq Komitəsi Köçəryanın sərhəddən keçidinin onların araşdırdığı hər hansı iş çərçivəsində məhdudlaşdırılmadığını bildiriblər”, - deyə nəşr bildirib.
Müəllif qeyd edib ki, bundan əlavə, Robert Köçəryan hazırda məhkəmədə baxılan “1 Mart” hadisələri üzrə işdə də iştirak edir.
“Məhkəmədən verilən məlumata görə, həmin iş çərçivəsində də onun ölkədən çıxışına qadağa qoyulması barədə heç bir qərar qəbul edilməyib. Beləliklə, hazırda mövcud məlumatlara əsasən, Robert Köçəryan Ermənistanda araşdırılan heç bir cinayət işi üzrə təqsirləndirilən şəxs deyil və onun ölkədən çıxışına qadağa qoyulmasına hüquqi əsas verəcək məlum qərar mövcud deyil.
Xatırladaq ki, Robert Köçəryanın ofisi iyunun 14-də onun üç günlük şəxsi səfərlə Ermənistanı tərk edəcəyini açıqlamışdı. Lakin Köçəryan hava limanına gəldikdə ona ölkədən çıxmağa icazə verilməyib.
Bir neçə gün əvvəl oxşar hadisə “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın başına da gəlmişdi. Ona da Ermənistan ərazisini tərk etməyə icazə verilməmişdi. Daha sonra məlum olmuşdu ki, prokurorun qərarı ilə Tsarukyan barəsində ictimai cinayət təqibi başlanıb. O, İstintaq Komitəsinə çağırılıb və ona rəsmi ittiham irəli sürülüb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az