Pentaqon daha ucuz silahlar hesabına raket istehsalını sürətləndirmək istəyir

2026/04/1777534670.jpg
Oxunub: 214     17:15     15 İyun 2026    
Pentaqon raket istehsalını artırmağı və daha ucuz raket sistemlərinin hazırlanması hesabına silahlanma xərclərini azaltmağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ hərbçiləri qeyri-standart müqavilə mexanizmlərindən istifadə edir və müdafiə şirkətlərinə yeni silah növlərini sıfırdan hazırlamağı tapşırırlar.

Məqsəd istehsal müddətlərini illərlə azaltmaq və məhsulun dəyərini yüz milyonlarla dollar aşağı salmaqdır.

Hazırda ABŞ ordusu dəyəri 500 min dolları keçməyən konteyner tipli raketlərin yaradılması proqramını, eləcə də bir ədədinin qiyməti 250 min dollardan aşağı olan hava hücumundan müdafiə raketlərinin hazırlanması layihəsini həyata keçirir.

Qəzet qeyd edir ki, yeni proqramlar “Patriot” sisteminin önləyici raketləri kimi mövcud yüksək texnologiyalı raketləri dərhal əvəz etmək üçün nəzərdə tutulmayıb. Belə raketlərin birinin qiyməti təxminən 4 milyon dollardır.

Bununla belə, hərbi rəhbərlik əlavə istehsal gücləri yaratmağa və gələcək üçün silah seçimini genişləndirməyə ümid edir.

“The Wall Street Journal” vurğulayır ki, silah istehsalında qiymət artımı və müddətlərin uzanması ABŞ hərbi-sənaye kompleksinin əsas problemlərindən biri olaraq qalır.

Bu fonda ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbəri Pit Heqset son aylarda müdafiə podratçılarının fəaliyyətinə və səmərəliliyinə nəzarətin gücləndiriləcəyini vəd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin