AKYA, ATMACA və HİSAR sınaqları niyə vacibdir?

2026/06/1781529966.jpg
Oxunub: 226     17:27     15 İyun 2026    
“Dənizqurdu-II” təlimi çərçivəsində həyata keçirilən AKYA, ATMACA və HİSAR sınaqları Türkiyənin hərbi imkanları ilə bağlı mühüm mesajlar verir.

Ordu.az xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən mühüm fəaliyyətlərindən biri olan “Dənizqurdu-II” təlimi bir neçə gün əvvəl uğurla başa çatıb.

Təlim zamanı donanmanın müxtəlif elementlərinin həm müstəqil, həm də koordinasiyalı şəkildə yerinə yetirdiyi ssenarilər Ankaranın bütün mümkün vəziyyətlərə hazır olduğunu nümayiş etdirib.

Təlim çərçivəsində AKYA ağır torpedosu, ATMACA gəmi əleyhinə raketi və HİSAR hava hücumundan müdafiə sistemi ilə həyata keçirilən sınaqlar xüsusi diqqət çəkib.

Mütəxəssislər bildirirlər ki, öz gəmisindən, öz raket buraxılış sistemləri vasitəsilə milli raketini buraxa bilən ölkələrin sayı dünyada olduqca azdır. Bu baxımdan həyata keçirilən sınaqlar həm texnoloji, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır.

Müdafiə və dənizçilik üzrə türkiyəli ekspert Kozan Səlcuq Erkan ilk olaraq ATMACA raketinin sınağını dəyərləndirib.

O bildirib ki, daha əvvəl də müxtəlif sınaqlar keçirilsə də, raket ilk dəfə bu qədər uzaq məsafədən buraxılıb.

Ekspertin sözlərinə görə, sınağı xüsusi edən başqa bir məqam da hədəf gəminin vəziyyəti olub.

“Hədəf gəmi şaquli vəziyyətdə idi və radarı qarşıdan gələn raketləri aşkar edə biləcək formada yerləşdirilmişdi. Lakin ATMACA əvvəlcə hədəfi müəyyənləşdirdi, daha sonra yayınma manevri etdi. Yəni fərqli marşrut seçdi və bu qərarı raketin özü verdi. Sonra isə hədəfə ən uyğun nöqtədən hücum edərək onu son dərəcə effektiv şəkildə vurdu. Ssenari çox çətin idi, lakin sınaq tam uğurlu alındı”, - deyə Erkan bildirib.

O qeyd edib ki, bu sahədə Norveç istehsalı raketlər dünya bazarında böyük maraq görür.

“Lakin Norveç çatdırılmasına bir həftə qalmış Malayziyaya raket göndərməkdən imtina etdi. Bizim ATMACA raketimiz dünya analoqlarından geri qalmır. Ümid edirəm ki, Malayziya seçimini ATMACA-dan yana edəcək”, - deyə ekspert vurğulayıb.

Kozan Səlcuq Erkan AKYA torpedosunun sınağını isə döyüş ssenarisindən daha çox belə bir silah sisteminə sahib olmağın üstünlükləri baxımından qiymətləndirib.

Onun sözlərinə görə, müharibə zamanı heç kim başqa ölkəyə torpedo satmır.

“Bunlar son dərəcə xüsusi sistemlərdir. Əgər siz onları özünüz istehsal edə bilirsinizsə, nə qədər ehtiyatınızın olduğu, harada və nə vaxt istifadə edəcəyiniz barədə məlumatı sizdən başqa heç kim bilmir. Bu isə böyük strateji müstəqillik deməkdir”, - deyə ekspert bildirib.

Erkan təlim çərçivəsində milli şaquli buraxılış sistemi MİDLAS vasitəsilə həyata keçirilən HİSAR sınağına da toxunub.

O qeyd edib ki, MİDLAS çox böyük potensiala malik və nadir sistemdir.

Ekspert hesab edir ki, yaxın gələcəkdə başda SİPER olmaqla müxtəlif raketlərin bu sistemə inteqrasiyası ilə yeni mərhələ başlayacaq.

“Hərbi təlimlər, raket sınaqları və digər analoji fəaliyyətlər təkcə texniki məqsədlər daşımır, eyni zamanda siyasi və strateji mesajlar da verir. Türkiyə son illərdə quru, hava və dəniz qüvvələri sahəsində ciddi addımlar atır və “Dənizqurdu-II” təlimi də bunun növbəti nümunəsidir.

Günün sonunda Türkiyə öz imkanlarını nümayiş etdirir. Son dövrlərdə Egey dənizi və Şərqi Aralıq dənizində müxtəlif hadisələr yaşanır və Ankara bunları yaxından izləyir. Təlimlər və digər fəaliyyətlər zamanı Türk Silahlı Qüvvələrinin güc nümayişi həmin bölgələrə də mesajdır. Bu, “heç kim Şərqi Aralıq dənizində və ya Egey dənizində Türkiyəni nəzərə almadan addım ata bilməz” deməyin fərqli üsuludur. Türkiyə öz hüquqlarını qoruyacağını və təmin edəcəyini vurğulayır”, - deyə ekspert fikrini yekunlaşdırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AKYA   ATMACA   HİSAR   Türkiyə  


Bizi "telegram"da izləyin