Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edir ki, müzakirələrin mərkəzində Ermənistan Konstitusiyası və Seçki Məcəlləsinin parlamentin formalaşdırılması ilə bağlı müddəaları dayanır.
“Mövcud sistem elə qurulub ki, seçkilərin nəticəsindən asılı olmayaraq, hətta hakim siyasi qüvvə səslərin 100 faizini toplasa belə, parlamentdə yerlərin ən azı üçdə biri qanunla müxalifətə verilməlidir. Bu isə o deməkdir ki, hakimiyyət təkbaşına konstitusiya dəyişikliklərini həyata keçirmək üçün lazım olan çoxluğu əldə edə bilməz”, - deyə nəşr qeyd edib.
Məqalədə iddia olunur ki, hakimiyyət bu maneəni aşmaq üçün özünə yaxın siyasi qüvvələrin formalaşdırılmasına çalışıb.
“Bu planın ən aydın nümunəsi Qurqen Simonyan olub. Qərb siyasi texnoloqları və bəzi sosioloji qurumlar onu parlamentə düşə biləcək qüvvə kimi təqdim edirdilər. O, formal olaraq müxalifət nümayəndəsi kimi parlamentə daxil olmalı və orada “Vətəndaş Müqaviləsi” ilə birlikdə konstitusiya dəyişiklikləri üçün lazım olan səsləri təmin etməli idi”, - deyə məqalədə bildirilib.
“Past” yazır ki, Ermənistanın siyasi tarixində oxşar mexanizmlər əvvəllər də tətbiq olunub.
“Əvvəlki sistemlər dövründə bu cür məsələlər inzibati resursların yönləndirilməsi yolu ilə həll edilirdi. Hakimiyyətə loyal seçici qruplarına konkret siyasi qüvvələri dəstəkləmək göstərişi verilirdi. Nəşrimizin qənaətinə görə, Qurqen Simonyan da parlamentə keçməsi üçün belə dəstək almalı idi”, - deyə məqalədə vurğulanıb.
Nəşr hesab edir ki, Simonyanın əsas fəaliyyəti Arman Tatoyan, Hayk Marutyan və digər siyasi qüvvələrin elektoratına yönəlmişdi.
“Onun əsas məqsədi həmin siyasi meydanı öz nəzarətinə götürmək idi. Lakin lazımi təşkilati və maliyyə dəstəyi almadığı üçün qarşısına qoyulan vəzifəni yerinə yetirə bilmədi. Nəticədə plan uğursuzluqla nəticələnib.
Bütün araşdırmalara görə hakimiyyətin birinci yeri tutmaq problemi yox idi. Lakin üç böyük müxalif qüvvənin parlamentə daxil olaraq birləşməsi ehtimalı ciddi narahatlıq yaradırdı. Buna görə də bütün inzibati və təşkilati resurslar yalnız hakimiyyətin özünün təkrar seçilməsinə yönəldildi və əvvəlki peyk layihələri diqqətdən kənarda qaldı”, - deyə nəşr yazıb.
“Past” bildirir ki, yaranmış vəziyyətdə Qurqen Simonyan və onun siyasi layihəsi hakimiyyətin real dəstəyindən məhrum qaldı.
“O, yalnız qərb siyasi texnoloqlarının ümidlərinə və təqdim etdikləri rəqəmlərə arxalanmalı oldu ki, bu da nəticədə bütün əməliyyatın iflası ilə yekunlaşdı”, - deyə məqalədə qeyd olunub.
Nəşr sonda belə qənaətə gəlib: “Peyk qüvvələrin parlamentə gətirilməsi cəhdinin uğursuzluğu göstərir ki, hakimiyyət daxilində məğlubiyyət qorxusu və siyasi təkrar seçilmə böhranı o qədər dərindir ki, artıq öz geosiyasi layihələrini irəli aparmaq və əvvəlcədən hazırlanmış mexanizmlərlə müəyyən siyasi tələblərə xidmət etmək üçün də kifayət qədər resurs qalmayıb”.
Alpər Mövludoğlu
Ordu.az