Yunanıstanın müdafiə naziri yenilənmiş ilk P-3 dəniz patrul təyyarəsinin dəniz aviasiyası parkına təhvil verildiyini açıqlayıb

2026/06/Ekran-1781523874.jpg
Oxunub: 183     15:39     15 İyun 2026    
Yunanıstanın müdafiə naziri Nikos Dendias modernizasiya proqramı çərçivəsində yenilənmiş ilk P-3 dəniz patrul təyyarəsinin dəniz aviasiyası parkına təhvil verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Dendias sosial şəbəkə hesabında paylaşdığı məlumatda ilk tam təchizatlı təyyarənin Elefsisdə yerləşən Dəniz Aviasiyası Eskadrilyasına çatdırıldığını bildirib.

Nazir qeyd edib ki, Orta Ömür Modernizasiyası proqramı üzrə müqavilənin imzalanmasından 11 il sonra ilk modernləşdirilmiş P-3 təyyarəsi nəhayət xidmətə qəbul olunub.

Yunanıstanın inventarında olan P-3B “Orion” təyyarələri ehtiyat hissələrinin çatışmazlığı və resurslarının başa çatması səbəbindən 2009-cu ildə istismardan çıxarılmışdı.

2014-cü ildə qəbul edilən qərar əsasında ABŞ ilə Xarici Hərbi Satışlar proqramı çərçivəsində təxminən 500 milyon dollar dəyərində modernizasiya müqaviləsi imzalanıb.

Layihə Yunanıstanın ağır iqtisadi böhran yaşadığı dövrə təsadüf etdiyindən ölkə daxilində və Avropada ciddi tənqidlərə səbəb olmuşdu. 2016-cı ildə “Lockheed Martin” və Yunanıstan Aviasiya və Kosmik Sənaye müəssisələrində proqramın rəsmi icrasına başlanılıb.

Beş ədəd P-3B təyyarəsinin struktur ömrünün uzadılması və modernləşdirilməsi nəzərdə tutulurdu. Proqram çərçivəsində təyyarələrin xidmət müddətinin 15 min uçuş saatı artırılması, yeni radarların, müasir sensorların və akustik emal sistemlərinin inteqrasiyası həyata keçirilib.

2019-cu ildə tam modernizasiya başa çatmadığından müvəqqəti həll kimi ilk təyyarə məhdud imkanlarla Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verilmişdi. Sonrakı illərdə tədarük zənciri problemləri və texniki çətinliklər səbəbindən layihə dəfələrlə gecikib.

Dendiasın son açıqlaması ilə müqavilədən tam 11 il sonra ilk tam modernləşdirilmiş P-3HN təyyarəsi daimi xidmətə başlayıb. Qalan dörd təyyarənin nə vaxt təhvil veriləcəyi isə hələ məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Təyyarə  


Bizi "telegram"da izləyin