Paşinyanın keçmiş arvadı baş nazirin xanımı statusunda ABŞ-yə ezam olunur

2026/06/1781526696.jpg
Oxunub: 193     16:20     15 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Anna Hakopyan ABŞ-yə ezam olunur.

Ordu.az Ermənsitan KİV-lərinə istinadən xəbər verir ki, o, Nyu-Yorkda keçiriləcək Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) dördüncü illik tədbirində iştirak edəcək.

Qərarda qeyd olunub ki, Anna Hakopyan ABŞ-yə baş nazirin xanımı qismində göndərilir. Sənəd 2026-cı il iyunun 11-də imzalanıb. Ezamiyyət 2026-cı il iyunun 26-dan iyulun 4-dək davam edəcək.

Paşinyan hökumət aparatına ezamiyyətlə bağlı faktiki xərclərin, o cümlədən gündəlik xərclərin, iyunun 29-dan iyulun 3-dək yaşayış xərclərinin, eləcə də iyulun 4-də tranzit məntəqəsi olan Vyanada gecələmə xərclərinin ödənilməsini tapşırıb. Bunun üçün ayrılacaq vəsaitin məbləği açıqlanmayıb.

Xatırladaq ki, Anna Hakopyan 2026-cı il fevralın 17-də Nikol Paşinyanla mülki nikah münasibətlərinin başa çatdığını açıqlamışdı. O, sosial şəbəkə hesabında paylaşdığı müraciətdə bu mövzuda hər kəsi təmkinli və korrekt olmağa çağırmışdı.

Daha sonra, fevralın 27-də yayımladığı videoda da Paşinyanla münasibətlərinin bitdiyini təsdiqləyərək hökumət iqamətgahını tərk edib kirayə mənzilə köçəcəyini bildirmişdi. Hakopyan həmçinin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü də istisna etməmişdi.

Bundan əlavə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri jurnalistlərə açıqlamasında “Mənim Addımım” fondu tərəfindən pulsuz ingilis dili kurslarının keçirilməsi ilə bağlı qərarın araşdırıldığını bildirmişdi. Səbəb kimi seçkilərdə iştirak edən partiyalarla əlaqəli qurumların seçki təyin olunduqdan sonra xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmasının qadağan edilməsi göstərilmişdi.

Nikol Paşinyan isə 2026-cı il aprelin 23-də keçirdiyi brifinqdə ailəsini qorumaq üçün səylər göstərdiyini və münasibətlərə yenidən şans verilməsindən məmnun olduğunu demişdi.

Buna baxmayaraq, Anna Akopyan artıq ictimai açıqlamalarda baş nazirin həyat yoldaşı olmadığını bildirsə də, 2026-cı il iyunun 11-də imzalanmış qərarda o, yenidən baş nazirin xanımı statusunda təqdim edilir və xarici ezamiyyət üçün dövlət maliyyəsi ilə təmin olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Hakopyan  


Bizi "telegram"da izləyin