FCAS proqramı sona çatdı: Növbədə “Eurodrone”dur?

2026/06/Ekran-1781514342.jpg
Oxunub: 291     14:08     15 İyun 2026    
FCAS proqramının iflasına səbəb olan “Dassault” və “Airbus” indi MALE RPAS (və ya “Eurodrone”) layihəsi üzrə də ciddi qarşıdurma yaşayırlar.

Fransa və Almaniya liderlərinin pilotlu altıncı nəsil qırıcının hazırlanmasını nəzərdə tutan Gələcəyin Döyüş Hava Sistemi (FCAS) proqramının rəsmi olaraq başa çatdığını elan etməsindən bir neçə gün sonra layihənin mərkəzində dayanan şirkətlər başqa bir proqram ətrafında yeni qarşıdurmaya hazırlaşırlar.

“Reuters”in məlumatına görə, Fransanın “Dassault Aviation” şirkəti hazırda Almaniyanın “Airbus” şirkətindən birgə “Eurodrone” pilotsuz uçuş aparatı layihəsinin hazırlanması ilə bağlı “kompensasiya tələb edir”.

FCAS iflasa uğradı, bu, “Eurodrone”u da məhv edə bilərmi?

İki şirkət FCAS proqramı çərçivəsində iş bölgüsü, əqli mülkiyyət hüquqları və idarəetmə modeli ilə bağlı razılığa gələ bilməmişdi. Bu isə faktiki olaraq birgə flaqman qırıcı layihəsinin sonu oldu. Həmin mübahisə artıq gərgin olan münasibətləri daha da pisləşdirə bilər.

Dünyada əsasən dördüncü nəsildən üstün “Rafale” çoxməqsədli qırıcısının və “Falcon” biznes təyyarələrinin istehsalçısı kimi tanınan “Dassault” indi gecikmələrlə üzləşən “Eurodrone” proqramında satınalma planlarının dəyişdirilməsi ilə əlaqədar investisiyalarının bir hissəsinin “Airbus” tərəfindən kompensasiya edilməsini tələb edir.

“Reuters” bunu belə izah edib: “Əvvəllər ictimaiyyətə açıqlanmayan fikir ayrılığı Fransanın “Eurodrone” alışlarını təxirə salmaq qərarından sonra “Dassault” üçün nəzərdə tutulan iş həcminin azalması ilə bağlıdır. “Eurodrone” ABŞ istehsalı MQ-9 “Reaper”ə rəqib olaraq Fransa, Almaniya, İtaliya və İspaniya tərəfindən hazırlanır”.

Rəsmi adı Avropa MALE RPAS olan, lakin daha çox “Eurodrone” kimi tanınan layihə kəşfiyyat, müşahidə, hədəf aşkarlanması və rekognosirovka (ISTAR) missiyaları üçün nəzərdə tutulmuş qabaqcıl orta hündürlüklü və uzun müddət havada qala bilən pilotsuz aviasiya sistemidir. Proqram Avropa ölkələrinin və NATO-nun ABŞ və İsrail istehsalı pilotsuz sistemlərdən asılılığını azaltmaq məqsədilə başladılıb.

“Eurodrone” 2017-ci ildə başladılan üç əsas Fransa-Almaniya müdafiə proqramından biridir. “Eurodrone” və FCAS-dan əlavə üçüncü proqram Əsas Quru Döyüş Sistemi (MGCS) idi. Bu layihə də yeni nəsil “sistemlər sistemi” konsepsiyasına əsaslanırdı və 2040-cı ilə qədər həm Almaniyanın “Leopard 2”, həm də Fransanın “Leclerc” əsas döyüş tanklarını əvəz edə biləcək platformanı nəzərdə tuturdu.

Apreldə “The National Interest” nəşri MGCS proqramının da ən azı on il geridə qaldığını bildirmişdi.

“Eurodrone”un xüsusiyyətləri

Sistem hələ inkişaf mərhələsindədir, lakin “Airbus” artıq layihə üzrə bəzi texniki xüsusiyyətləri açıqlayıb. Bununla belə, bu göstəricilər hələlik yekun hesab olunmur.

İstifadəyə verilmə tarixi: hələ istifadəyə qəbul edilməyib (prototip mərhələsindədir)

İstehsal sayı: məlum deyil (60-dan çox sistem planlaşdırılır)
Uzunluğu: 16 metr
Qanad açılımı: 26 metr
Maksimum qalxma çəkisi: 13 000 kiloqram
Mühərrik: iki ədəd “General Electric Catalyst” turbovint mühərriki
Maksimum sürət: saatda 500 kilometr
Havada qalma müddəti: təxminən 40 saat
Praktiki uçuş tavanı: 12 000 metr
Silah yükü:
5 asqı nöqtəsi
Daxili asqı nöqtələrində 650 kiloqrama qədər
Xarici və mərkəzi asqı nöqtələrində 375 kiloqrama qədər
Ümumi faydalı yük qabiliyyəti 2300 kiloqram
“Aleron LP”, “Brimstone” raketləri və GBU-49 “Enhanced Paveway II” bombalarını daşıya bilər
Heyət: yoxdur (yerüstü idarəetmə üçün 2-3 operator tələb olunur)


“Eurodrone”un ilk uçuşunun əvvəlcə 2025-ci ildə həyata keçirilməsi planlaşdırılırdı, lakin tarix 2027-ci ilə təxirə salınıb. Layihədə “Airbus” və “Dassault Aviation” ilə yanaşı İtaliyanın “Leonardo” şirkəti də iştirak edir. Şirkət sistem üçün “Gabbiano” aktiv elektron daramalı antena qəfəsli (AESA) çoxrejimli hava müşahidə radarını təmin edir.

Hazırkı planlara əsasən NATO üzvləri Fransa, Almaniya, İtaliya və İspaniyanın hər biri ən azı 12 “Eurodrone” sistemi istismar etməlidir. Yaponiya və Hindistan isə əvvəllər proqramda müşahidəçi statusunda iştirak ediblər.

“Eurodrone”un sonu ilə bağlı xəbərlər tələskənlik ola bilər

Layihənin dağılması ilə bağlı yayılan məlumatlar şişirdilmiş ola bilər. Fransa və Almaniya proqramın bəzi xərcləri ilə bağlı fikir ayrılığı yaşasalar da, Paris hələlik 7 milyard avroluq (8,1 milyard dollar) proqramdan rəsmi şəkildə çıxmayıb.

FCAS proqramının iflasına səbəb olan problemlərin bir hissəsi, məsələn, Fransanın altıncı nəsil qırıcının aviadaşıyıcılarda istifadə və nüvə silahı tətbiqi imkanlarına malik olması tələbi “Eurodrone” layihəsində mövcud deyil. Almaniya belə imkanlardan istifadə etmədiyi üçün bu məsələlər FCAS çərçivəsində ciddi fikir ayrılığı yaratmışdı.

Lakin Fransa 2035-ci ilə qədər “Eurodrone” alışlarının maliyyələşdirilməsini büdcədən çıxarıb. Rəsmi izaha görə, buna səbəb “yüksək intensivlikli müharibələrə daha uyğun və daha ucuz alternativlərin meydana çıxmasıdır”. Avropa müdafiə müqavilələri sisteminin qaydalarına əsasən, Fransanın layihəyə ödənişləri təxirə salması “Dassault”a veriləcək iş həcminin də azalması deməkdir. Məhz buna görə şirkət indi layihənin əsas podratçısı olan “Airbus”dan itirilmiş investisiyalar üçün kompensasiya tələb edir.

Bu yaxınlarda keçirilən “ILA Berlin” Aviaşousu 2026 çərçivəsində “Airbus Defence and Space” şirkətinin hava sistemləri üzrə rəhbəri Jan-Bris Dümon beynəlxalq hərbi analitik şirkət “Janes” daxil olmaqla jurnalistlərə bildirib ki, Fransa proqrama sadiq qalır.

Dümon əlavə edib: “Başlanğıcda dörd ölkə var idi və indi də dörd ölkə var. Fransa milli mediasında müəyyən səs-küy yaranıb, lakin məsələ bundan bir qədər mürəkkəbdir. Əməkdaşlıq proqramlarının tarixinə baxsaq, tərəfdaşların sifariş qrafikləri ilə bağlı qərar vermək üçün bir qədər gözləmələri qeyri-adi hal deyil”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FCAS   Eurodrone   Dassault   Airbus  


Bizi "telegram"da izləyin