Sərhəddə Tank Səsləri, Banqkokda Sakitlik: Kambocanın Yeni Silahları Kimə Qarşıdır?

2026/06/Ekran-1781519229.jpg
Oxunub: 158     14:29     15 İyun 2026    
Çin tank parkını modernləşdirdikcə köhnə tank ehtiyatlarını inkişaf etməkdə olan ölkələrə olduqca aşağı qiymətlərlə satır. Bu satışlar arasında Kambocaya verilən bir neçə onlarla tank da var.

Kambocanın qonşu Tailandla uzun illərdir davam edən ərazi və mədəni münaqişəsinin yaxın gələcəkdə həll olunacağına dair əlamətlər görünmür. Uzun müddətdir mübahisə mövzusu olan ərazi iddiaları və kök salmış millətçi hisslərlə yanaşı, iki ölkə üst-üstə düşən dəniz iddiaları ilə bağlı da qarşıdurmanı davam etdirir.

Tailand və Kamboca 2025-ci ildə qısa müddətli müharibə aparıblar. Mübahisəli sərhəd bölgəsində qüvvələrin yerləşməsində cüzi dəyişikliklər baş versə də, böhranın həlli istiqamətində əhəmiyyətli nəticə əldə olunmayıb. Hər iki ölkə 2025-ci ilin dekabr ayının sonlarından etibarən atəşkəs rejimini qoruyur ki, bu da ağır döyüşləri və qoşun hərəkətlərini dayandırmağa imkan verib.

Davam edən qarşılıqlı etimadsızlıq yaxın vaxtlarda yenidən gərginliyə səbəb ola bilər. Məlumatlara görə, Kamboca Çindən ilk T-59D əsas döyüş tankları partiyasını qəbul edib. Bu tanklar ötən il Tailandla sərhəddə baş vermiş gərginlikdən əvvəl sifariş edilsə də, təxminən 39 Çin tankının ölkəyə çatdırılması daimi sülh sazişinin hələ yekunlaşdırılmadığı dövrə təsadüf edir.

Nə Tailand, nə də Kamboca hələlik sərhəd böhranını dərinləşdirmir

Kamboca Çin istehsalı olan 100-dən çox tank sifariş edib və Pnompen bu tədarükün ötən ilki sərhəd qarşıdurmasına cavab olmadığını vurğulayır.

Cümə axşamı Kamboca Senatının sədri Hun Sen jurnalistlərə bildirib ki, hərbi satınalma “illər əvvəl” imzalanmış müqavilənin icrasıdır və digər ölkələrin həyata keçirdiyi hərbi alışlardan fərqlənmir.

“Bu şəkildə hərbi potensialın artırılması heç kim üçün təhdid deyil, özünümüdafiənin bir hissəsidir. Bizim artıq yüzlərlə tankımız var. Yeni gələn 30-dan çox tank və yolda olan təxminən 90 tank Kamboca ordusu üçün böyük rəqəm deyil, xüsusilə də artıq yüzlərlə tankımızın olduğunu nəzərə alsaq”, - deyə Hun Sen qeyd.

O əlavə edib: “Kamboca bir daha aydınlaşdırmaq istəyir ki, biz heç kimə hücum etmirik. Kamboca güclü və ya zəif olmasından asılı olmayaraq heç bir ölkəni təhdid etmir. Kambocanın kimisə işğal etmək kimi vərdişi yoxdur”.

Əsas döyüş tanklarının operatoru olan Kamboca Kral Ordusu ilk partiyanın çatdırılması ilə bağlı hələlik ictimai açıqlama verməyib.

Tailand da hələlik tankların tədarükünü öz ictimai diplomatiyasında ciddi məsələ kimi təqdim etmir. Banqkok bildirib ki, yeni gətirilən “Type 59” tankları köhnə modernləşdirilmiş modellərdir və onlar üçün ciddi təhlükə hesab edilmir. Tailand ordusu həmçinin vurğulayıb ki, yeni əsas döyüş tankları mübahisəli sərhəd bölgəsinin yaxınlığında yerləşdirilməyib.

“Type 59” tankı haqqında

İstifadəyə verilmə tarixi: təxminən 1959-cu il (Çin Xalq Azadlıq Ordusu)
İstehsal sayı: təxminən 9500 ədəd
Uzunluğu: 6,04 metr
Eni: 3,27 metr
Çəkisi: 37 ton
Mühərrik: 12150L tipli, 520 at gücündə maye soyuduculu dizel mühərriki (bəzi modernləşdirilmiş variantlarda 730 at gücündə mühərrik istifadə olunur)
Asqı sistemi: burulma çubuqları
Maksimum sürəti: yolda saatda 50 kilometr
Mənzili: 440 kilometr
Silahlanması:
100 mm çaplı yivli top
İki ədəd “Type 59T” 7,62 mm çaplı pulemyot
Bir ədəd “Type 54” 12,7 mm çaplı zenit pulemyotu
Heyəti: 4 nəfər (komandir, tuşlayıcı, doldurucu və sürücü)


Yaponiya, Cənubi Koreya, Avstraliya və ABŞ ordularının istifadə etdiyi əsas döyüş tankları ilə müqayisədə T-59D-ni yalnız “köhnəlmiş” platforma kimi xarakterizə etmək olar.

Bu tanklar “Type 59”un modernləşdirilmiş variantlarıdır. “Type 59” özü isə Koreya müharibəsindən sonra Çin-Sovet Dostluq Müqaviləsi çərçivəsində 1950-ci illərdə sovet T-54A tankının Çin istehsallı versiyası kimi hazırlanmışdı.

Həmin dövrdə Pekin Moskva ilə sıx münasibətlər saxlayırdı və Sovet İttifaqı hətta tankların istehsalı üçün lazım olan çertyojları və texnologiyanı Çinə təqdim etmişdi.

“Type 59” sonradan Çin Xalq Azadlıq Ordusunun əsas tankına çevrildi və bu günə qədər ən uzun müddət istehsalda qalan Çin tankı olaraq qalır. İstehsal 1985-ci ildə başa çatdıqda müxtəlif versiyalarda təxminən 10 min tank hazırlanmışdı. Bu platforma sonradan “Type 62”, “Type 69” və hətta “Type 97” kimi digər Çin əsas döyüş tanklarının yaradılması üçün baza rolunu oynadı.

İstehsal dayandırıldıqdan sonra da Pekin “Type 59”-u modernləşdirməyə davam edib. D variantları 1990-cı illərdə təqdim olunub. İlkin 100 mm çaplı top daha güclü 105 mm çaplı topla əvəz edilib. Bununla belə, hər iki silah Qərb və Rusiya analoqları ilə müqayisədə hələ də zəif hesab olunur.

Tanklar həmçinin dinamik müdafiə sistemi və termal görüntüləmə avadanlıqları ilə təchiz edilib. Hesab edilir ki, Çin hələ də Soyuq müharibə dövründən qalan bu platformaların yüzlərlə nümunəsinə malikdir və onların əksəriyyəti ehtiyat və arxa təminat bölmələrində saxlanılır.

Pekin daha müasir tanklar istehsal etdikcə görünür ki, köhnə ehtiyatlarını Kamboca kimi ölkələrə satmaqda maraqlıdır. Çünki həmin ölkələr üçün bu platforma sovet istehsalı T-54/55 kimi daha köhnə tanklarla müqayisədə əhəmiyyətli modernləşmə hesab olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kamboca   Tailand   Çin   Tank  


Bizi "telegram"da izləyin