Türkiyə Malayziyaya komanda-idarəetmə gəmisi satacaq

2026/06/Ekran-1781537887.jpg
Oxunub: 283     19:36     15 İyun 2026    
Türkiyənin hərbi gəmi və dəniz sistemləri sahəsində əldə etdiyi imkanlar Malayziya üçün yeni həll yolunun ortaya çıxmasına səbəb olub.

Ordu.az xəbər verir ki, Malayziya hökuməti Sabah əyalətinin dəniz akvatoriyasında təhlükəsizliyin gücləndirilməsi məqsədilə Çoxməqsədli Komanda Platforması (MPCP) gəmisinin alınması üçün Türkiyə ilə razılığa gəlib.

Malayziya Milli Təhlükəsizlik Şurasının yaydığı məlumata görə, ölkənin On Üçüncü İnkişaf Planı çərçivəsində təsdiqlənən layihə üzrə hökumətlərarası (G2G) əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Sənədi Malayziya hökuməti adından Milli Təhlükəsizlik Şurasının baş direktoru Raja Dato Nuşirvan Zeynal Abidin, Türkiyə adından isə Müdafiə Sənayesi Komitəsinin Sistem və Platformalar üzrə sədr müavini Mustafa M. Şəkər imzalayıb.

Malayziyalı mənbələrin məlumatına görə, memorandumun imzalanmasından sonra Türkiyənin gəmiqayırma zavodlarından layihə ilə bağlı müxtəlif təkliflər alınıb. Hazırda Malayziya üçün gəmi inşa edən həm DESAN, həm də STM şirkətlərinin layihədə iştirak etmək istiqamətində fəaliyyət göstərdiyi bildirilir.

Nəticədə Türkiyənin gəmiqayırma şirkətlərindən biri tərəfindən Malayziya üçün MPCP gəmisi inşa edilərək təhvil veriləcək. Hazırda DESAN şirkəti Malayziya Sahil Mühafizəsi üçün MPMS layihəsi çərçivəsində Türkiyədə iki gəmi inşa edir.

Türkiyə strateji tərəfdaş seçildi

Malayziya Baş Nazirliyinə tabe olan Milli Təhlükəsizlik Şurasının açıqlamasında Türkiyənin müdafiə sənayesində əldə etdiyi yüksək səviyyə və sürətli inkişaf səbəbindən strateji tərəfdaş kimi seçildiyi vurğulanıb.

Bildirilib ki, imzalanan razılaşma yalnız gəmi tədarükünü deyil, həm də texnologiya transferini, Malayziyanın müdafiə müəssisələrinə investisiyaları və iki ölkə arasında təcrübə mübadiləsini əhatə edən uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Yeni Çoxməqsədli Komanda Platforması təxminən on il ərzində bölgədə ön xətt bazası kimi fəaliyyət göstərən, lakin saxlanma xərcləri yüksək olan Tun Şərifə Rodziya dəniz bazasını əvəz edəcək. Malayziya Milli Təhlükəsizlik Şurası statik platformanı əvəz edəcək bu müasir gəmini “oyun dəyişdirən amil” adlandırıb.

Gəmi Şərqi Sabah sularında müşahidə imkanlarını iki dəfə artıracaq. Platforma uzunmənzilli radar sistemləri, pilotsuz uçuş aparatları və insansız dəniz platformaları ilə təchiz ediləcək.

Çevik quruluşu sayəsində ehtiyac yaranan ərazilərə sürətlə yerləşdirilə biləcək. Layihənin əməliyyat rəhbərliyini Malayziya Kral Donanması həyata keçirəcək.

STM MRSS layihəsi ilə də ön plana çıxır

Malayziya Kral Donanmasının Çoxməqsədli Dəstək Gəmisi (MRSS) proqramı üzrə də Türkiyənin STM şirkəti əsas namizədlərdən biri hesab olunur.

Şirkət ilk dəfə MRSS konsepsiyasını Malayziyada keçirilən LIMA-2025 sərgisində nümayiş etdirmişdi. Daha sonra DSA-2026 sərgisində layihə yenilənərək təqdim olunub.

Məlumata görə, Malayziyanın tələbləri artıq daha da dəqiqləşib və yeni dizayn bu tələblərə uyğunlaşdırılıb. Cənubi Koreyanın HDI şirkətinin təklifində olduğu kimi, STM layihəsində də gəminin ön və arxa hissəsində iki ədəd GÖKDENİZ yaxın hava hücumundan müdafiə sistemi yerləşdirilib.

Yenilənmiş layihədə əsas artilleriya sistemi, yükləmə kranları və digər elementlər də diqqət çəkir. Malayziyalı ekspertlər yeni dizaynı müsbət qiymətləndirirlər. Onların fikrincə, LMS “Batch-2” proqramında əldə olunan uğurlar STM-in mövqeyini daha da gücləndirib.

Hazırda şirkət LMS “Batch-2” proqramı çərçivəsində korvetləri ardıcıl olaraq suya buraxır. STM-in baş direktoru Özgür Güləryüz daha əvvəl bildirmişdi ki, şirkət Türkiyə Hərbi Dəniz Qüvvələrinin ən böyük həll tərəfdaşıdır və Portuqaliya, Ukrayna, Pakistan və Malayziya üçün müasir dəniz platformaları inşa edir.

Onun sözlərinə görə, Malayziya Donanmasının tələbləri nəzərə alınaraq layihələndirilən MRSS çoxfunksiyalı və innovativ platformadır.

“Yüksək əməliyyat çevikliyi təqdim edən MRSS həm amfibiya əməliyyatlarını, həm də dənizdə logistika dəstəyini uğurla yerinə yetirə biləcək. MRSS 14 əsas döyüş tankı, 9 amfibiya maşını, 500 amfibiya qüvvəsi və 15 tonluq iki helikopter daşımaq imkanına malikdir.

Gəmi yalnız hərbi tapşırıqlarda deyil, humanitar yardım əməliyyatlarında da istifadə ediləcək. O, təxliyə, hospital gəmisi, helikopter əməliyyatları və axtarış-xilasetmə missiyalarında mühüm rol oynayacaq”, - deyə Güləryüz bildirib.

Malayziya üçün korvetlər Türkiyədə inşa edilir

Malayziya Kral Donanması üçün STM tərəfindən inşa edilən ikinci LMS “Batch-2” korveti olan “Raja Laut” ötən həftə suya buraxılıb.

Türkiyə ilə Malayziya arasında “Müdafiə Məhsullarının Tədarükünə dair Hökumətlərarası Anlaşma Memorandumu”nun imzalanması və LMS “Batch-2” layihəsinin qəbul məktubunun təqdimetmə mərasimi iyunun 10-da Ankarada keçirilib.

Layihə çərçivəsində üç korvet “İstanbul” Gəmiqayırma Zavodunda inşa olunur. STM layihənin dizaynından tutmuş inşasına, sistem inteqrasiyasına, sınaqlara və logistika dəstəyinə qədər bütün mərhələlər üzrə baş podratçı kimi çıxış edir.

Korvetlərdə ASELSAN tərəfindən hazırlanmış 30 mm-lik MUHAFIZ uzaqdan idarə olunan sabitləşdirilmiş top sistemi, CENK üçölçülü axtarış radarı, ARES 2D suüstü radar radioelektron mübarizə sistemi, “Akrep” atəşi idarəetmə radarı, yayındırıcı sistemlər və Dost-Düşmən Tanıma sistemi yerləşdiriləcək.

Bundan əlavə, ROKETSAN istehsalı ATMACA gəmi əleyhinə raketləri və HAVELSAN istehsalı döyüş idarəetmə sistemi də korvetlərin silahlanmasına daxil ediləcək. Uzunluğu 99,56 metr, subasımı qabiliyyəti isə 2500 ton olacaq korvetlər 26 düyün maksimal sürətə, helikopter meydançasına və 111 nəfərlik ekipaja malik olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya   Gəmi  


Bizi "telegram"da izləyin