Avropa üçün son şans: “Eurosatory 2026”da “müharibəyə hazırlıq” mövzusu

2026/06/Ekran-1781524145.jpg
Oxunub: 201     15:47     15 İyun 2026    
“Eurosatory” sərgisini təşkil edən şirkətin rəhbəri olan istefada olan fransız generalın fikrincə, bu sərgi Avropa ölkələrinin Rusiya ilə mümkün münaqişəyə qədər vaxtında əldə edə biləcəkləri silahları satın almaları üçün son şans ola bilər.

Ordu.az xəbər verir ki, Parisdə keçirilən “Eurosatory 2026” sərgisini təşkil edən “Coges Events” şirkətinin baş direktoru Şarl Boduen bəzi hərbi ekspertlərin Avropanın yaxın iki il ərzində Rusiya ilə birbaşa qarşıdurma riski daşıdığı barədə xəbərdarlıqlarına diqqət çəkib.

O bildirib ki, hazırda hazırlanma mərhələsində olan müdafiə sistemləri mümkün müharibə baş verərsə, artıq çox gec hazır olacaq.

“Çox döyüşkən ifadə işlətmək istəmirəm, lakin bu sərgi yüksələn təhlükələrin sərgisidir. Eyni zamanda açıq şəkildə müharibəyə hazırlıq sərgisidir. Bu, müharibə üçün hazır olan sistemləri almaq üçün son şansdır”, - deyə Boduen vurğulayıb.

Bir sıra Avropa kəşfiyyat qurumları Rusiyanın 2030-cu ilə qədər NATO-ya meydan oxuya biləcəyi barədə xəbərdarlıq edərkən, Avropa İttifaqının müdafiə üzrə komissarı Andrius Kubilius ötən ilin noyabrında Rusiyanın iki-dörd il ərzində Alyansı “sınaqdan keçirməyə hazır ola biləcəyini” söyləmişdi.

Almaniyanın general-leytenantı Aleksander Sollfrank isə Rusiyanın istənilən vaxt NATO ərazisinə “kiçikmiqyaslı hücum” həyata keçirə biləcəyini bildirmişdi.

Boduen qeyd edib ki, əgər Avropa yaxın iki il ərzində müharibəyə girərsə, bu ya hazırda malik olduğu, ya da bir il ərzində əldə edə biləcəyi silahlarla olacaq.

Onun sözlərinə görə, artıq yeni sistemlər hazırlamaq üçün vaxt yoxdur və davam edən layihələr mümkün münaqişəyə təsir göstərə bilməyəcək.

General bildirib ki, Avropa istehsalı alternativ olmadıqda ABŞ, Cənubi Koreya, Hindistan və ya istifadəyə hazır digər həllərə müraciət etmək lazım gələcək.

Müdafiə xərclərinin artması nəticəsində builki “Eurosatory” əvvəlki illərlə müqayisədə daha böyük miqyasda keçirilir. İştirakçı sayı 30 faiz artaraq 2600-dən çox olub.

Sərgidə iştirak edən şirkətlərin təxminən 80 faizi Avropalı NATO ölkələrini təmsil edir.

Boduenin sözlərinə görə, bu il təxminən 180 ABŞ və 220 Almaniya şirkəti də sərgidə iştirak edir.

O qeyd edib ki, builki sərgidə pilotsuz sistemlər, xüsusilə hava və dəniz platformalarında daha çox avtonom həllər nümayiş etdirilir.

General vurğulayıb ki, Avropa və ABŞ hələ də əsasən böyük və bahalı platformalara diqqət yetirir, halbuki Ukrayna müharibəsi pilotsuz sistemlərin tez itirildiyini göstərib və buna görə də Ukrayna daha sadə və xərc baxımından səmərəli həllərə üstünlük verir.

Ötən il sərgidə cəmi 10 Ukrayna şirkəti iştirak etdiyi halda, bu il onların sayı 80-ə çatıb.

Boduen bildirib ki, sərgidə Ukraynanın ən yeni texnologiyalarını görmək mümkün olacaq.

Onun sözlərinə görə, Ukrayna şirkətləri arasında “Flamingo” qanadlı raketini və uzaqmənzilli Pilotsuz Uçuş Aparatlarını (PUA) nümayiş etdirən “Fire Point” şirkəti də yer alır.

Pilotsuz sistem sürüləri də builki sərginin əsas mövzularından biridir.

Boduen qeyd edib ki, 2024-cü ildə silahlı PUA-lar ön planda idisə, bu il əsas istiqamət süni zəka ilə dəstəklənən avtonom sistemlər olacaq.

“Biz getdikcə daha çox avtonom silah sistemlərinə doğru irəliləyirik və bu məsələdə etik narahatlıqlar azalır. Çünki əsas məqsəd effektiv olmaqdır”, - deyə o bildirib.

General əlavə edib ki, Avropanın müdafiə istehsalını sürətlə artırmaqda ciddi çətinlikləri var.

Bu baxımdan, “Volkswagen” şirkətinin ilk dəfə “Eurosatory”də iştirak etməsini maraqlı hadisə kimi qiymətləndirib və şirkətin sənaye təcrübəsini müdafiə istehsalına daşıya biləcəyini vurğulayıb.

Builki sərginin ən böyük yeniliklərindən biri isə banklar və investorlar üçün ayrılmış xüsusi bölmədir.

Boduen bildirib ki, bankların müdafiə sənayesini maliyyələşdirmək istəmədiyi dövr artıq geridə qalıb.

“Demokratiyaların təhlükə altında, avtoritar rejimlərin isə təhlükəli olduğunu anladıq. Banklar da artıq bu səyləri dəstəkləməli olduqlarını başa düşürlər”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Eurosatory-2026  


Bizi "telegram"da izləyin