Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past.am” nəşri “Zod yatağının itkisi milyardlarla dollarla ölçülür, Azərbaycan yeni məlumatlar açıqlayıb” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edir ki, bir neçə gün əvvəl Azərbaycanın “AzerGold” şirkəti 2020-ci il müharibəsindən sonra Azərbaycanın nəzarətinə keçən Zod qızıl yatağının hissəsində aparılan araşdırmaların nəticələrini açıqlayıb.
“Şirkətin məlumatına görə, həmin ərazidə qalan çıxarıla bilən qızıl ehtiyatları təxminən 1,03 milyon unsiya təşkil edir və onların bazar dəyəri 4 milyard ABŞ dollarını ötür. “AzerGold” həmçinin bildirib ki, resurs bazasının genişləndirilməsi məqsədilə geoloji kəşfiyyat işləri təkcə yatağın yaxın ərazilərində deyil, daha uzaq sahələrdə də davam etdirilir. Şirkət rəhbərliyi layihənin inkişafının Azərbaycanın dağ-mədən sənayesinin böyüməsinə töhfə verəcəyinə və regionun inkişafına iqtisadi təsir göstərəcəyinə əminliyini ifadə edib”, - deyə nəşr qeyd edib.
Məqalədə vurğulanır ki, Azərbaycan uzun illər müxtəlif beynəlxalq platformalarda Ermənistanın mədən sənayesini tənqid edir və onu region üçün ekoloji təhlükə kimi təqdim edirdi.
“Past.am” xatırladır ki, Zod yatağı uzun illər Ermənistanın ekoloji təşkilatlarının diqqət mərkəzində olub.
“Müxtəlif təşəbbüslər və fəal qruplar dəfələrlə yataqların istismarı ilə bağlı problemləri gündəmə gətirib, onların fəaliyyətinin məhdudlaşdırılmasını və ya yenidən nəzərdən keçirilməsini tələb ediblər. Bu mübarizə yalnız Zod ilə deyil, Ermənistanın digər yataqları ilə də bağlı olub”, - deyə məqalədə bildirilib.
Nəşr qeyd edir ki, yatağın bir hissəsinin ehtiyatları hazırda milyardlarla dollar dəyərində qiymətləndirilir və artıq Azərbaycanın iqtisadi maraqlarına xidmət edir.
“Bu şəraitdə Ermənistanın dağ-mədən sənayesinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr yenidən fəallaşıb. Bir çoxlarının fikrincə, bu sahə ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalır, büdcəyə əhəmiyyətli vergi daxilolmaları, ixrac gəlirləri və iş yerləri təmin edir”, - deyə məqalədə vurğulanıb.
Eyni zamanda, nəşr mütəxəssislərin ekoloji problemlərin diqqətdən kənarda qalmamalı olduğu barədə fikirlərinə də yer verib.
“Lakin vacib olan məsələ müzakirələrin mərkəzində effektiv həll yollarının hazırlanması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və məsuliyyətli istismar prinsiplərinin dayanmasıdır, sahəyə zərər vuran ifrat yanaşmaların deyil”, - deyə məqalədə qeyd olunub.
Nəşrin qənaətinə görə, Zod yatağının nümunəsi milli resurslarla bağlı dövlət maraqlarına əsaslanan balanslı siyasətin nə qədər vacib olduğunu bir daha göstərir.
Alpər Mövludoğlu
Ordu.az