“Versal şam yeməyi” və nüvə kölgəsi: Makron Trampı Putinin təhdidindən qoruya biləcəkmi?

2026/06/1781511489.jpg
Oxunub: 394     12:17     15 İyun 2026    
İyunun 13-də Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Belarus ərazisində yerləşdirilmiş nüvə silahı “KTMT-nin qərb sərhədlərinin təhlükəsizliyini təmin edir, Qərbin təzyiqlərini çəkindirir”. Rusiya xarici siyasət idarəsinin Moskvanın “kritik vəziyyətdə” nüvə silahından istifadə etmə ehtimalının yüksək olduğuna işarə edən bu son dərəcə açıq mesajı “Böyük Yeddilik” sammiti ərəfəsində verilib.

ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanadanın liderləri iyunun 15-17-də görüşəcək və müzakirələr aparacaqlar. “Böyük Yeddilik” sammitinə Ukrayna Prezidenti Zelenski, eləcə də Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri də dəvət olunub. Məlumata görə, rəsmi danışıqlardan əlavə, Fransa Prezidenti Makron Versal sarayında “rəsmi şam yeməyi” təşkil edəcək.

Rusiyanın Donald Trampın “avropalıları tərk edəcəyi və “Böyük Yeddilik” sammitində iştirak etməyəcəyi” ilə bağlı gözləntilərinə baxmayaraq, məlum olub ki, Donald Tramp “Emmanuel Makronun şam yeməyi dəvətini artıq qəbul edib”. Siyasi müşahidəçilər hesab ediblər ki, bu, “son dərəcə simvolik addımdır və ABŞ prezidenti avropalıları dinləməyə hazırdır”. Diqqətçəkən məqam ondan ibarətdir ki, “Versal şam yeməyi”ndən təxminən on gün əvvəl “Avropa üçlüyü” (Böyük Britaniya, Fransa və Almaniya) Londonda Ukrayna Prezidenti Zelenski ilə görüşdən əvvəl Rusiya-Ukrayna nizamlanmasına dair yeni layihəni ictimailəşdirib, lakin Kreml onu “qətiyyən qəbuledilməz” qiymətləndirib.

“Versal şam yeməyi”nin nə verəcəyini proqnozlaşdırmaq hələ tezdir. Qərb mənbələri məlumat veriblər ki, “Böyük Yeddilik” sammitinin “kulisləri”ndə ABŞ və Ukrayna prezidentlərinin görüşü təşkil oluna bilər. Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələri zamanı dövlət katibi Rubio bildirib ki, “Ukrayna uğurla döyüşür”.

Belarusda yerləşdirilmiş nüvə silahının əhəmiyyəti ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin bəyanatının əsas ünvanı, böyük ehtimalla, ABŞ-dir. Moskva açıq şəkildə göstərir ki, Ukraynada “strateji məğlubiyyətə dözməyəcək və bunun qarşısını almaq üçün nüvə döyüş başlıqlarından istifadə etməyə hazırdır”.

Təxminən bir aydan sonra Ankarada NATO sammiti keçiriləcək. Türkiyə Prezidenti Ərdoğan artıq elan edib ki, Donald Tramp Ankaraya gələcək. Son günlər Ukrayna pilotsuz uçuş aparatları Krımla “materik” Rusiyası arasında dəmir yolu və avtomobil əlaqələrini demək olar ki, tamamilə kəsiblər. Müharibənin beşinci ilində Rusiya ölkənin Avropa hissəsinin “cəbhə zonasına” çevrildiyi bir vəziyyətlə üzləşib. Makronun “Versal şam yeməyi” ABŞ prezidentini Avropanın Rusiyaya qarşı tək buraxılmamalı olduğuna inandıracaqmı, yoxsa Trampa Putinin nüvə təhdidi daha güclü təsir göstərəcək?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Tramp   Putin  


Bizi "telegram"da izləyin