Polşa Ukraynaya “MiQ-29” təyyarələrinin təhvilini PUA texnologiyası razılaşmasına görə gecikdirir

2026/06/1781537520.jpg
Oxunub: 214     19:28     15 İyun 2026    
Polşa Ukraynaya “MiQ-29” döyüş təyyarələrinin təhvilini Pilotsuz Uçuş Aaparatı (PUA) texnologiyalarının transferi ilə bağlı razılaşma yekunlaşana qədər təxirə salıb.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçık “Radio Zet”ə müsahibəsində bildirib.

Tomçık qeyd edib ki, “MiQ-29” təyyarələri hələlik Ukraynaya verilməyib və bu məsələ ilə bağlı iki ölkə arasında danışıqlar davam edir.

Onun sözlərinə görə, Polşa özünün PUA imkanlarını inkişaf etdirərkən Ukraynanın bu sahədəki təcrübəsindən yararlanmaq istəyir.

Nazir müavini vurğulayıb ki, texnologiya transferi prosesi başa çatdıqdan sonra təyyarələr Ukraynaya təhvil veriləcək.

Polşa rəsmiləri daha əvvəl 1989-cu ildən Hərbi Hava Qüvvələrinin inventarında olan və tədricən FA-50, F-16 “Fighting Falcon” və F-35 “Lightning II” təyyarələri ilə əvəzlənən “MiQ-29”ların qalan hissəsinin Ukraynaya veriləcəyini açıqlamışdılar.

Polşanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış da 2025-ci il dekabrın ayında bildirmişdi ki, Varşava döyüş təyyarələri müqabilində Ukraynadan PUA və raket texnologiyaları əldə etməyi gözləyir.

“Solidarlıq qarşılıqlı olmalıdır. Ukraynalılar münasibətlərimizin müsbət olduğu ölkələr arasında PUA sahəsində ən qabaqcıl ölkədir”, - deyə o vurğulamışdı.

PAP agentliyinin məlumatına görə, hazırda Ukrayna Hərbi Hava Qüvvələrinin inventarında təxminən 40 “MiQ-29” döyüş təyyarəsi mövcuddur.

Ukrayna 2022-ci ildə müharibə başladıqdan sonra Polşadan 14, Slovakiyadan isə 13 “MiQ-29” qəbul edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna   MiQ-29  


Bizi "telegram"da izləyin