“Avropa İttifaqının Gürcüstana münasibəti Brüsselin xarici siyasətdəki qeyri-peşəkarlığının kiçik modelidir” - Papuaşvili

2026/06/1781283221.jpg
Oxunub: 204     20:54     12 İyun 2026    
“Avropa İttifaqının Gürcüstana münasibəti Brüsselin hazırkı xarici siyasətdə nümayiş etdirdiyi qeyri-peşəkarlığın kiçik modelidir”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Abastumanidə jurnalistlərə açıqlamasında deyib.

Papuaşvilinin sözlərinə görə, Brüssel texniki məsələlərin müzakirə olunduğunu bəyan etsə də, vizasız rejimlə bağlı prosesə siyasi mövzular daxil edir ki, bu da Avropa bürokratiyasının qeyri-səmimiliyini göstərir.

O bildirib ki, Avropa İttifaqı diplomatik pasport sahibləri üçün viza tələbləri tətbiq etməklə 2010-cu ildə Gürcüstanla imzalanmış beynəlxalq sazişi pozub.

“Bu baxımdan beynəlxalq hüququ pozan tərəf Avropa İttifaqıdır. Halbuki başqalarından beynəlxalq hüquqa riayət etməyi tələb edir. Sonra isə bu pozuntunu ört-basdır etmək üçün Gürcüstana uyğunlaşdırılmış xüsusi qaydalar hazırladılar. Onlar vizasız rejimin məntiqindən tamamilə uzaqlaşaraq yalnız Gürcüstana tətbiq olunan mexanizmlər yaratdılar və istədikləri tələbi irəli sürmək imkanı əldə etdilər”, - deyə Papuaşvili bildirib.

Onun sözlərinə görə, Brüssel bürokratiyasının qeyri-peşəkar fəaliyyəti müəyyən ümid yaradır ki, nəticədə onlar özlərinə zərər vuracaq növbəti addımı atmayacaqlar.

“İndiyədək etdikləri hərəkətlərlə yalnız özlərinə, Avropa İttifaqına və Avropa İttifaqına olan etimada zərər vurublar. Əgər yenidən öz ayaqlarına güllə vurmaq istəyirlərsə, bunu edə bilərlər. Bir daha təkrar edirəm ki, Avropa İttifaqının Gürcüstana münasibəti Brüsselin bugünkü xarici siyasətdəki qeyri-peşəkarlığının kiçik modelidir”, - deyə parlament sədri vurğulayıb.

Qeyd edək ki, Brüsseldə Gürcüstan nümayəndə heyəti ilə Avropa Komissiyasının nümayəndələri arasında vizasız dialoq çərçivəsində görüş keçirilib. Görüşdə Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün viza güzəştlərinin müvəqqəti dayandırılması ilə bağlı Avropa Komissiyasının 2026-cı il martın 6-da qəbul etdiyi icraedici tənzimləmə müzakirə olunub.

Gürcüstan Xarici İşlər Nazirliyi bildirib ki, diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin müvəqqəti dayandırılması barədə qərar kifayət qədər əsaslandırılmayıb və ədalətsizdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papuaşvili   Gürcüstan    


Bizi "telegram"da izləyin