İsrail ABŞ-dən İran aktivlərinin dondurulmasının ləğvindən imtina etməyi tələb edir

2025/10/1760352931.jpg
Oxunub: 215     19:19     12 İyun 2026    
İsrailin ABŞ-dən müharibənin dayandırılması ilə bağlı mümkün razılaşma çərçivəsində İran aktivlərinin dondurulmasının ləğvindən imtina etməyi tələb etdiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı tərəflər arasında aparılan məsləhətləşmələrin gedişi ilə tanış olan mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu mütəmadi olaraq ABŞ Prezidenti Donald Trampla danışıqlar aparır.

Belə söhbətlərdən biri Trampın İsrailin İranla mümkün razılaşmanı dəstəkləyən Yaxın Şərq ölkələri arasında olduğunu bəyan etməsindən sonra cümə axşamı axşamı baş tutub.

Daha sonra Netanyahunun ofisi bəyanat yayıb. Bəyanatda bildirilir ki, ABŞ Prezidenti guya gələcək razılaşmanın bir neçə əsas şərtinə sadiqliyini təsdiqləyib.

Həmin şərtlər arasında İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, İranın nüvə proqramının ləğv edilməsi, ölkənin raket potensialının məhdudlaşdırılması və regiondakı müttəfiq silahlı qruplaşmalara dəstəyin dayandırılması yer alır.

CNN daha əvvəl xəbər vermişdi ki, Trampın İranla yaxın vaxtlarda razılıq əldə olunacağı barədə açıqlaması Netanyahu üçün gözlənilməz olub. Telekanalın məlumatına görə, bu açıqlamalar səsləndirilən zaman İsrailin Baş naziri məhz İran məsələsinə həsr olunmuş təhlükəsizlik müşavirəsi keçirirdi.

Netanyahu cümə günü də İranın nüvə proqramı ilə bağlı İsrailin sərt mövqeyini bir daha vurğulayıb.

“İsrailin Baş naziri olduğum müddətdə İran nüvə silahına sahib olmayacaq”, - deyə o bildirib.

CNN-in mənbəsinin məlumatına görə, İsrail Vaşinqtonla Tehran arasında aparılan danışıqlara hələ də son dərəcə şübhə ilə yanaşır və hesab edir ki, İran bu prosesi səmimi şəkildə aparmır. Qüdsdə həmçinin düşünürlər ki, ABŞ ilə İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması mütləq şəkildə yekun razılaşmanın əldə olunmasına gətirib çıxarmayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin