Ordu.az xəbər verir ki, Dendias bu barədə Afinada keçirilən “Yunanıstan 2030” konfransında çıxışı zamanı danışıb.
Nazirin sözlərinə görə, hərbi xidmətə çağırılan bütün gənclər mərhələli şəkildə FPV PUA-lardan istifadə üzrə təlim keçəcəklər.
“Bu həftənin cümə günü Malakasada Yunanıstan Silahlı Qüvvələrinin üçüncü və ən böyük PUA istehsalı zavodunun təməlini qoyacağıq. İyun ayının sonu və ya iyulun əvvəlində isə Tripolidə II və III kateqoriyalı daha böyük PUA-lar üçün ilk pilot hazırlıq məktəbini açacağıq”, - deyə Dendias bildirib.
Nazir qeyd edib ki, məqsəd bu sahədə formalaşan bilik və təcrübəni tam şəkildə Yunanıstan Silahlı Qüvvələrinə inteqrasiya etməkdir.
Dendias həmçinin Yunanıstan Hərbi Dəniz Qüvvələri tərkibində yeni Muxtar Sistemlər Direktorluğunun yaradıldığını açıqlayıb.
Onun sözlərinə görə, bütün komponentləri bir mərkəzdə birləşdirəcək təbəqəli radioelektron mübarizə sistemi də fəaliyyətə başlayacaq və bu qurumun qərargahı yaxın günlərdə açılacaq.
Nazir vurğulayıb ki, radioelektron mübarizə yalnız kibertəhlükəsizlik vasitələrindən ibarət deyil və daha mürəkkəb strukturu əhatə edir.
“Bu sistemin əsasını məlumat mərkəzləri təşkil edir. Bu mərkəzlər mütləq ölkənin öz ərazisində yerləşməlidir. Əks halda dövlət suverenliyi risk altına düşə bilər”, - deyə Dendias bildirib.
O əlavə edib ki, sistem bulud texnologiyalarını, əməliyyat mərkəzlərini və ehtiyat idarəetmə mərkəzlərini əhatə etməlidir.
Sevinc Əliyeva
Ordu.az