Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

2026/05/1779474489.jpg
Oxunub: 200     19:59     10 İyun 2026    
Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin genişləndirilməsi imkanını nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bu barədə “EUobserver” nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası Rus Pravoslav Kilsəsinin patriarxı Kirill (Vladimir Qundyayev) və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviçə qarşı viza məhdudiyyətlərinin tətbiq edilməsini və onların aktivlərinin dondurulmasını təklif edib.

Onlar Ukraynada Rusiyanın fəaliyyətlərini açıq şəkildə dəstəkləməkdə və Moskvanın siyasətinin legitimləşdirilməsinə töhfə verməkdə ittiham olunurlar.

Həmçinin Rusiyanın bir sıra idman xadimlərinə, o cümlədən idman naziri Mixail Deqtyaryova, Güləş Federasiyasının rəhbəri Mixail Mamiyaşviliyə və Rusiya Olimpiya Komitəsinin keçmiş rəhbəri Stanislav Pozdnyakova qarşı da sanksiyaların tətbiqi müzakirə olunur.

Bundan başqa, Avropa Komissiyası bank sektoru və maliyyə təşkilatlarına qarşı tədbirləri, Rusiya neftinə əlavə məhdudiyyətləri, mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin satışına qadağanı və balıqçılıq sektoruna qarşı ilk sanksiyaları özündə ehtiva edən daha geniş məhdudiyyətlər paketi hazırlayır.

Yekun qərar Avropa İttifaqına üzv ölkələrin liderləri tərəfindən yekdilliklə qəbul edilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin