“Hraparak”: Paşinyanın partiyasının gizli rusiyapərəstləri niyə seviniblər?

2026/06/1781069433.jpg
Oxunub: 235     09:30     10 İyun 2026    
“Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının konstitusion çoxluğu əldə edə bilməməsi partiya daxilindəki bəzi qruplar tərəfindən müsbət qarşılanıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, “Vətəndaş Müqaviləsi” Partiyası daxilində Rusiyaya daha yaxın mövqedə duran şəxslər və biznes dairələrinin nümayəndələri seçkilərin nəticələrini məmnunluqla qarşılayıblar.

Onların fikrincə, Nikol Paşinyanın parlamentdə konstitusion çoxluq əldə etməməsi ona Qərbin təzyiqləri qarşısında manevr etmək imkanı verəcək.

“Müsahiblərimizin qənaətinə görə, bu vəziyyət Paşinyana Qərbin Rusiyaya qarşı daha sərt addımlar atmaqla bağlı tələblərinə tam şəkildə tabe olmamaq imkanı yaradır. O, bundan sonra da vaxt qazana və Rusiyaya qarşı açıq qarşıdurma kursuna keçməyə bilər”, - deyə məqalədə qeyd olunur.

Nəşr yazır ki, söhbət ilk növbədə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması, eləcə də Gümrüdə yerləşən Rusiya 102-ci hərbi bazasının ölkədən çıxarılması kimi məsələlərdən gedir.

“Avropa ölkələrinin seçkilərlə bağlı təbrik mesajlarında da müəyyən eyhamlar hiss olunub. Avropalılar özlərini Paşinyanın qələbəsinin tamhüquqlu pay sahibləri hesab edirlər və bundan sonra onu Rusiyaya qarşı daha sərt addımlar atmağa sövq etməyə çalışacaqlar”, - deyə nəşr yazır.

Məqalədə vurğulanır ki, konstitusion çoxluğun olmaması və parlamentdə Rusiya ilə normal münasibətlərin saxlanılmasının tərəfdarı olan müxalifətin təmsil olunması Paşinyana əlavə arqument verir.

“Həmsöhbətimizin fikrincə, Paşinyan məhz bu amildən istifadə edərək manevr edə, Avropadan gələn və təhlükəli hesab olunan göstərişləri yerinə yetirməmək üçün əsaslar əldə edə bilər”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin