“Hraparak”: Ermənistan məmurları əmlak bəyannamələrini gizlətmək üçün ailələrindən ayrı yaşayır?

2026/06/1781069345.jpg
Oxunub: 263     09:26     10 İyun 2026    
Ermənistanda Korrupsiyanın Qarşısının Alınması Komissiyasının internet saytında yaranan texniki problem məmurların və onların ailə üzvlərinin gəlir və əmlak bəyannamələri ilə bağlı yeni suallar ortaya çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasının saytı artıq beş gündür qismən fəaliyyət göstərir və bəyannamələrin dərc olunduğu reyestrə giriş mümkün deyil.

“2026-cı il iyunun 1-də məmurların və onlarla əlaqəli şəxslərin illik bəyannamələri təqdim etmələri üçün nəzərdə tutulan müddət başa çatıb. Lakin həmin məlumatların yerləşdirildiyi bölmə hazırda istifadəçilər üçün əlçatmazdır.

“Hraparak”ın sorğusuna cavab olaraq Komissiyadan bildirilib ki, saytda texniki problem yaranıb və reyestrin nə vaxt yenidən fəaliyyət göstərəcəyi ilə bağlı konkret tarix göstərmək mümkün deyil”, - deyə nəşr qeyd edib.

Nəşr daha sonra məmurlarla birlikdə yaşamayan qohumların bəyannamə təqdim etmək öhdəliyinin olub-olmaması ilə maraqlanıb.

“Korrupsiyanın Qarşısının Alınması Komissiyası cavabında bildirib ki, vəzifəli şəxslə birlikdə yaşamayan ailə üzvlərinin bəyannamə təqdim etmək öhdəliyi yoxdur”, - deyə məqalədə qeyd olunur.

Məqalədə vurğulanır ki, reyestr hələ açıq olduğu dövrdə, iyunun 3-nə olan məlumata əsasən, Baş nazir Nikol Paşinyanın ailə üzvlərinin 2025-ci il üzrə illik bəyannamələri sistemdə görünməyib.

Nəşrin məlumatına görə, Aşot Paşinyan sonuncu dəfə 2022-ci ildə bəyannamə təqdim edib. Anna Akopyanın bəyannaməsi də sistemdə olmayıb. Halbuki o, Nikol Paşinyandan ayrıldığını yalnız fevral ayının sonunda açıqlayıb və hesabat dövründə hələ də baş nazirin həyat yoldaşı hesab olunurdu.

“Bundan əlavə, ayrıca yaşadığını bildirən Mariam Paşinyan da sonuncu dəfə 2024-cü ildə bəyannamə təqdim edib. Belə çıxır ki, vəzifəli şəxslərin övladları valideynlərindən ayrı yaşamaq və ya başqa ünvanda qeydiyyatda olmaqla gəlirləri, daşınar və daşınmaz əmlakları barədə ictimai hesabat verməkdən yayınmaq imkanı əldə edirlər”, - deyə nəşr yazır.

Məqalədə qeyd olunur ki, 2024-cü ildən etibarən Ermənistanda bütün vətəndaşlar bəyannamə təqdim etməlidirlər.

“Lakin adi vətəndaşların təqdim etdiyi sənədlər Vergi Komitəsinə verilir və ictimaiyyət üçün açıq olmur. Məmurların və onlarla əlaqəli şəxslərin bəyannamələri isə normal halda açıq şəkildə dərc edilməlidir.

Daha əvvəl Komissiyanın cavabına əsasən, 67 vəzifəli şəxs və müxtəlif siyasi partiyaların 164 nümayəndəsi illik bəyannamə təqdim etməyib.

Bəyannamə təqdim etməyənlər arasında “Vətəndaş Müqaviləsi” Partiyasından deputatlar Vahaqn Aleksanyan və Meri Qalstyan, Dilican icmasının rəhbəri David Sarkisyan, təhsil naziri Janna Andreasyanın köməkçisi Qohar Yeğiazaryan, Sisian qarnizonunun hərbi prokuroru Hovhannes Aleksanyan və müxtəlif icmaların onlarla bələdiyyə üzvü də var”, - deyə məqalədə bildirilir.

Nəşrin məlumatına görə, Komissiya bəyannamə təqdim etməyən bütün şəxslərə, o cümlədən məmurların ailə üzvlərinə yazılı xəbərdarlıq göndərib.

“Əgər onlar iyunun 31-dək bəyannamə təqdim etməsələr, minimum əməkhaqqının 200 misli həcmində cərimələnəcəklər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məmur   Əmlak  


Bizi "telegram"da izləyin