Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

2026/06/1781067695.jpg
Oxunub: 231     08:43     10 İyun 2026    
Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Ordu.az xəbər verir ki, tədbirdə Mərakeş hökumətinin nümayəndələri, diplomatik korpusun, parlamentin, beynəlxalq təşkilatların, media orqanlarının üzvləri, ictimai xadimlər və Azərbaycan və Mərakeş icmalarının nümayəndələri də daxil olmaqla təxminən 300 qonaq iştirak edib.

Mərakeş tərəfini krallığın ali təhsil, elmi tədqiqat və innovasiya naziri Əzzedin Əl Midaui təmsil edib. Tədbirdə həmçinin keçmiş müqavimət döyüşçüləri və Azadlıq Ordusu üzrə Ali komissar Mustafa Əl-Ktiri, Ali Audiovizual Rabitə Şurasının sədri Lətifə Axarbaş və digər rəsmi şəxslər də iştirak ediblər.

Tədbirdə 1918-ci ildə müasir Azərbaycan dövlətçiliyinin təməlini qoyan müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradılmasının tarixi əhəmiyyəti qeyd edilib. "Azərbaycandan İlham: Mərakeş Perspektivi" adlı incəsənət sərgisi qonaqların xüsusi diqqətini cəlb edib. Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti və adət-ənənələrindən ilhamlanaraq əsərlər yaratmış 13 mərakeşli rəssamın əsərləri nümayiş etdirilib. Rəsmlərdə dağ mənzərələri, milli incəsənət elementləri, gündəlik həyatdan səhnələr, kulinariya ənənələri və görkəmli Azərbaycan şəxsiyyətlərinin obrazları təsvir olunub.

Sərgi ziyarətçilər arasında böyük maraq doğurub və Azərbaycan ilə Mərakeş arasında mədəni dialoqun parlaq nümunəsinə çevrilib. Layihənin məqsədi iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirmək və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Tədbirin qonaqları Azərbaycanın zəngin mədəni irsi ilə tanış olublar.

Qəbulda dolma, plov və paxlava da daxil olmaqla milli yeməklər təqdim edilib. Axşam boyunca Azərbaycan musiqisi səsləndirilib, ölkənin tarixinə, mədəniyyətinə və müasir inkişafına həsr olunmuş videolar nümayiş etdirilib, eləcə də milli rəqslər və ənənəvi Azərbaycan geyimlərinin nümunələri nümayiş olunub. Mədəni proqram tədbir iştirakçıları arasında böyük maraq doğurub və onlara Azərbaycan xalqının adət-ənənələrini və dəyərlərini daha dərindən anlamağa kömək edib.

Tədbir Azərbaycanın "Şəhərsalma və Memarlıq İli - 2026" çərçivəsində keçirilib və ölkəmizin tarixinin, mədəniyyətinin və nailiyyətlərinin xaricdə tanıdılması üçün mühüm platformaya çevrilib.

Qəbul iştirakçıları tədbirin təşkilini yüksək qiymətləndiriblər və Azərbaycan ilə Mərakeş arasında siyasi, iqtisadi və mədəni sahələrdə dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi üçün bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rabat   Azərbaycan  


Bizi "telegram"da izləyin