Ermənistan KİV-i: Hüquqi prosedur olmadan təqib? Prokurorluğun açıqlaması suallar doğurur

2026/06/1781067239.jpg
Oxunub: 249     08:54     10 İyun 2026    
Ermənistan Baş Prokurorluğunun erməıni oliqarx, siyasətçi Qaqik Tsarukyan barəsində yaydığı son açıqlama yeni hüquqi və siyasi müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edir ki, Ermənistan Baş Prokurorluğu rəsmi məlumat yayaraq prokurorun Qaqik Tsarukyana qarşı Cinayət Məcəlləsinin 290.3.2-ci maddəsi ilə, xüsusilə külli miqdarda vergidən yayınma ittihamı üzrə ictimai cinayət təqibi başlatdığını açıqlayıb.

Məqalədə bildirilir ki, həmin gün Qaqik Tsarukyan həyat yoldaşı ilə birlikdə üç günlük səfər üçün ölkədən çıxmağa hazırlaşırmış. Lakin hava limanının VIP zalında onlara ölkəni tərk edə bilməyəcəkləri bildirilib. Bundan sonra Tsarukyan ailəsi planlaşdırılan səfərdən imtina edərək evə qayıdıb.

Nəşr hesab edir ki, hadisədə diqqət çəkən mühüm hüquqi məqam mövcuddur.

“Qaqik Tsarukyan deputatlığa namizəddir və toxunulmazlıq hüququna malikdir. Belə olan halda onun barəsində ictimai cinayət təqibinin başlanması və hər hansı prosessual məhdudiyyətin tətbiqi üçün Mərkəzi Seçki Komissiyasının müvafiq razılığı tələb olunur. Lakin belə bir icazənin verilməsi barədə heç bir məlumat yoxdur”, - deyə məqalədə qeyd edilir.

Nəşrin fikrincə, bu hal göstərir ki, söhbət böyük ehtimalla yeni cinayət işindən deyil, daha əvvəl başlanmış istintaq çərçivəsində həyata keçirilən prosesdən gedir və bu barədə məlumat yalnız indi ictimaiyyətə açıqlanıb.

“Joğovurd” yazır ki, məsələ ilə bağlı Baş Prokurorluğa sorğu göndərilsə də, qurum yalnız belə cavab verib: “Hazırda açıqlanmalı olan məlumatı açıqlamışıq. Digər sualları yazılı şəkildə təqdim edin”.

Məqalədə bildirilir ki, nəşr daha sonra Ermənistan İstintaq Komitəsinə də müraciət edərək cinayət işinin nə vaxt başlandığını, Mərkəzi Seçki Komissiyasının razılığının olub-olmadığını və müvafiq vəsatətin necə təmin edildiyini öyrənməyə çalışıb.

“Lakin İstintaq Komitəsi də məlumat verməkdən imtina edib. Qurum bildirib ki, məsələ ilə bağlı rəsmi açıqlama Baş Prokurorluq tərəfindən verildiyindən bütün izahlar üçün həmin quruma müraciət edilməlidir”, - deyə nəşr yazır.

Məqalənin müəllifləri baş verənləri siyasi motivli proses kimi qiymətləndirirlər.

“Tsarukyan ətrafında baş verənlər siyasi təzyiqin klassik nümunəsini xatırladır. Baş nazir Nikol Paşinyan bazar ertəsi parlamentdə çıxışı zamanı müxalifət liderlərinin həbs olunmalı olduğunu bəyan etdi, ertəsi gün isə prokurorluq Tsarukyanla bağlı açıqlama yaydı”, - deyə nəşrdə qeyd olunur.

Məqalədə belə bir ehtimal da irəli sürülür ki, prosesin məqsədi Qaqik Tsarukyanı siyasi mübarizədən çəkindirmək və onun parlament mandatlarından imtina etməsinə nail olmaqdır.

“Nəticədə “Vətəndaş Müqaviləsi” əlavə mandatlar əldə edə və parlamentdə daha əlverişli mövqe qazana bilər”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tsarukyan  


Bizi "telegram"da izləyin