Birləşmiş Krallığın yeni əsas döyüş tankı “Challenger 3” son sınaq mərhələsinə daxil olub

2026/06/1781066619.jpg
Oxunub: 252     08:41     10 İyun 2026    
Böyük Britaniya ordusunun yeni nəsil əsas döyüş tankı “Challenger 3” real əməliyyat şəraitini simulyasiya edən genişmiqyaslı səhra sınaqlarının növbəti mərhələsini uğurla başa vurub.

Ordu.az xəbər verir ki, bu barədə “Rheinmetall BAE Systems Land” (RBSL) şirkəti məlumat yayıb.

Məlumata görə, ərazi hərəkəti, şosse üzrə yürüş, atış fəaliyyətləri və ekipaj tapşırıqlarını əhatə edən sınaqlardan əldə edilən nəticələr tankın yekun istehsal standartının müəyyənləşdirilməsində istifadə olunacaq.

“Battlefield Mission” adlanan tapşırıq seriyaları çərçivəsində sınaq nümunələri çətin şəraitdə yoxlanılıb. Əldə olunan nəticələrin gələcəkdə keçiriləcək rəsmi uyğunluq sınaqlarına və istehsal prosesinə birbaşa töhfə verəcəyi bildirilib.

“Challenger 3” tamamilə yeni tank kimi deyil, Böyük Britaniya ordusunun 1998-ci ildən istifadə etdiyi Challenger 2 əsas döyüş tanklarının genişmiqyaslı modernləşdirilməsi nəticəsində yaradılır.

Təxminən 800 milyon funt sterlinq dəyərində olan proqram çərçivəsində ümumilikdə 148 “Challenger 2” tankının “Challenger 3” standartına təıkmilləşdirilməsi planlaşdırılır. Layihə Almaniyanın “Rheinmetall” və Böyük Britaniyanın “BAE Systems” şirkətlərinin birgə yaratdığı RBSL tərəfindən həyata keçirilir.

Böyük Britaniya Müdafiə Nazirliyi daha əvvəl bildirmişdi ki, seriyalı istehsal yalnız sınaqlar uğurla başa çatdıqdan sonra başlayacaq. “Challenger 3” layihəsinin ən mühüm yeniliklərindən biri yeni qüllə və əsas silah sistemidir.

“Challenger 2” NATO daxilində hələ də yivli topdan istifadə edən son əsas döyüş tankı hesab olunurdu. Yeni versiyada isə bu sistem NATO standartlarına uyğun 120 mm çaplı L55A1 yivsiz topla əvəz edilib.

Bu dəyişiklik Böyük Britaniya ordusuna NATO müttəfiqləri ilə eyni sursatlardan istifadə etmək və ən yeni nəsil zirehdələn döyüş sursatlarına çıxış əldə etmək imkanı verəcək. Mütəxəssislər hesab edirlər ki, bu yenilik yalnız atəş gücünü artırmır, həm də uzun illər mövcud olmuş logistika uyğunsuzluğunu aradan qaldırır.

Proqram çərçivəsində tankın sağqalma qabiliyyəti də əhəmiyyətli dərəcədə artırılır. “Challenger 3” yeni nəsil termal görüntüləmə sistemləri, qabaqcıl rəqəmsal atəş idarəetmə sistemi və modul zireh paketləri ilə yanaşı, İsrailin “Rafael” şirkətinin hazırladığı “Trophy” aktiv müdafiə sistemi ilə təchiz edilir.

“Trophy” yaxınlaşan tank əleyhinə raketləri və reaktiv sursatları hədəfə çatmadan aşkarlayaraq fiziki şəkildə məhv edən “hard-kill” tipli aktiv müdafiə sistemi kimi tanınır. Sistem İsrail ordusunun “Merkava” tanklarında real döyüş şəraitində uğurla istifadə olunub və çoxsaylı tank əleyhinə raketləri zərərsizləşdirib.

Ukrayna müharibəsində tank əleyhinə raketlərin zirehli bölmələrə təsirinin aydın şəkildə görünməsi aktiv müdafiə sistemlərini müasir tank layihələrinin ayrılmaz hissəsinə çevirib.

Son sınaqlar zamanı “Challenger 3” ekipajları ərazi hərəkəti, yol yürüşü, atış fəaliyyətləri və əməliyyat prosedurlarını əhatə edən müxtəlif tapşırıqları yerinə yetiriblər.

RBSL-in sınaq və təsdiqləmə qrupunun üzvü Nik bildirib ki, həyata keçirilən fəaliyyətlər proqramın növbəti mərhələyə hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır və hər yeni sınaq komandaya əlavə təcrübə qazandırır.

Böyük Britaniya Müdafiə Nazirliyi “Challenger 3” tankının ilkin əməliyyat hazırlığına 2027-ci ildə çatmasını planlaşdırır. Tam əməliyyat qabiliyyətinin isə onilliyin sonrakı mərhələlərində əldə olunacağı gözlənilir.

Hazırda səkkiz “Challenger 2” korpusu inkişaf və sınaq fəaliyyətlərində istifadə olunur. Seriyalı modernləşdirmə prosesi isə hələ başlamayıb. Proqramın növbəti əsas mərhələsi olan Sistem Uyğunluq Yoxlaması istehsaldan əvvəl son texniki standartı müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Birləşmiş-Krallıq   Challenger-3  


Bizi "telegram"da izləyin