“İranın neftinin yarısını götürəcəyik” - Tramp

2026/06/1780599312.jpg
Oxunub: 386     08:15     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların fəal şəkildə davam etdiyini və Vaşinqtonun bu prosesi məntiqi nəticəyə çatdırmağa çalışdığını bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “ABC News” telekanalına müsahibəsində danışıb.

O, danışıqlar prosesini mürəkkəb adlandırmaqdan imtina edərək bildirib ki, vəziyyət əslində kifayət qədər sadədir.

“Qalib gələn tərəf gücə sahib olan tərəfdir. Hazırda isə bütün güc bizim əlimizdədir”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp qeyd edib ki, yaxın dostlarından bəziləri ona bombardmanları yenidən başlamağı tövsiyə edirlər, lakin onların vəziyyəti düzgün qiymətləndirmədiklərini düşünür.

Onun sözlərinə görə, ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlaması çox böyük xərc tələb edər və Hörmüz boğazının aylarla bağlı qalmasına səbəb ola bilər.

ABŞ Prezidenti sosial şəbəkədə paylaşdığı mesajda da bildirib ki, sülh danışıqları irəliləyir, lakin buna “cəhalət və axmaqlıq” mane olmamalıdır.

Bu fikrinə aydınlıq gətirən Tramp qeyd edib ki, əgər vəziyyət nəzarətdən çıxarsa, ABŞ İranın bütün infrastrukturunu məhv etmək məcburiyyətində qala bilər.

“Əgər insanlar ağılsız davranarlarsa, elə bir vəziyyət yaranacaq ki, həmin ölkənin bütün infrastrukturunu yer üzündən silmək lazım gələcək. Mən isə bunun yaxşı fikir olduğunu düşünmürəm, çünki sonradan kimsə bütün bunları yenidən qurmalı olacaq”, - deyə o bildirib.

Tramp əlavə edib ki, İranın infrastrukturu məhv edilərsə, onun bərpasının maliyyələşdirilməsində ABŞ-nin də iştirak etməsi ehtimalı yüksəkdir.

“Yeni körpülər, elektrik stansiyaları və digər obyektlər tikilməlidir. Burada söhbət trilyonlarla dollardan gedir. Çox güman ki, onların yenidən qurulmasına kömək etmək üçün biz də prosesə cəlb olunacağıq”, - deyə ABŞ Prezidenti bildirib.

Jurnalistin bunun İran üçün bir növ “Marşall planı” olub-olmayacağı ilə bağlı sualına Tramp müsbət cavab verib, lakin dərhal əlavə edib:

“Bəli, amma onların neftinin yarısını götürəcəyik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin