Yeni Zelandiya sakinləri son 10 ildə ilk dəfə ABŞ-ni Çindən daha böyük təhdid hesab edirlər

2026/05/1778133830.jpg
Oxunub: 248     08:13     10 İyun 2026    
Yeni Zelandiyada aparılan son ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə sakinləri son on ildə ilk dəfə olaraq ABŞ-ni öz təhlükəsizlikləri üçün Çindən daha ciddi təhdid kimi qiymətləndirirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Asia New Zealand Foundation” fondunun keçirdiyi araşdırmada bildirilib.

“Asiya və Asiya xalqlarının qavranılması” adlı illik sorğu 2026-cı ilin yanvar və fevral aylarında keçirilib. Sorğuda 2300 nəfər iştirak edib.

Araşdırmanın nəticələrinə görə, respondentlərin 43 faizi Çini Yeni Zelandiyanın dostu hesab edir, yalnız 23 faizi isə onu təhdid kimi görür.

ABŞ-yə münasibətdə isə iştirakçıların 39 faizi bu ölkəni dost dövlət kimi qiymətləndirib, 35 faizi isə ABŞ-ni birbaşa təhlükə hesab etdiyini bildirib.

Məlumata görə, son bir ildə ABŞ-ni dost ölkə hesab edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb, Çinə münasibət isə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Sorğu həmçinin göstərib ki, yeni zelandiyalıların 81 faizi Asiya regionu ilə hərtərəfli əlaqələrin inkişafını həyati əhəmiyyətli hesab edir.

“Cəmiyyətdə belə bir anlayış güclənir ki, iqtisadi rifahımız, sabitliyimiz və təhlükəsizliyimiz Asiya ölkələri ilə münasibətlərimizin dərinliyindən və keyfiyyətindən birbaşa asılı olacaq”, - deyə fondun icraçı direktoru Syuzanna Cessep bildirib.

Son illərdə rəsmi Vellinqton müdafiə, təhlükəsizlik və texnologiya sahələrində Vaşinqtonla əməkdaşlığı fəal şəkildə genişləndirirdi. Yeni Zelandiya hakimiyyəti ABŞ-ni Hind-Sakit okean regionunda sabitliyin əsas dayağı və Çinin artan təsirinə qarşı mühüm balanslaşdırıcı qüvvə hesab edirdi.

Lakin son dövrlərdə Yeni Zelandiya ixracatçıları ABŞ-nin tətbiq etdiyi ticarət rüsumlarından ciddi zərər görüblər. Bundan əlavə, İrana qarşı ABŞ-İsrail müharibəsinin yaratdığı təsirlər nəticəsində neft qiymətlərinin kəskin bahalaşması ölkə iqtisadiyyatına da ciddi təzyiq göstərib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeni-Zelandiya   ABŞ  


Bizi "telegram"da izləyin