“İravunk”: Erməni sahibkarlar bir neçə gün ərzində Avropa İttifaqı ilə əlaqələr qura bilməz

2026/05/1777970451.jpg
Oxunub: 241     08:10     10 İyun 2026    
“Ermənistan hökumətinin ixracatçılara və istehsalçılara vəd etdiyi kompensasiyaların qısa müddətdə nəticə verməsi və Avropa İttifaqı bazarına çıxışı təmin etməsi real görünmür”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Qeyd olunur ki, hökumətin 2026-cı il iyunun 4-də keçirilən iclasında qəbul edilən qərara əsasən, Ermənistandan ixrac olunan istixana mənşəli təzə meyvə-tərəvəz və güllər üzrə fəaliyyət göstərən təsərrüfat subyektlərinə müəyyən kompensasiyalar veriləcək.

“Digər qərarla isə Avropa İttifaqı, Birləşmiş Krallıq və Kanada bazarlarına ixrac olunan erməni məhsullarına tətbiq edilən gömrük rüsumlarının ödənilməsi nəzərdə tutulur”, - deyə nəşr bildirib.

Nəşr erməni iqtisadçı Ağasi Tavadyana istinadən yazır ki, hökumətin vəd etdiyi kompensasiyalar istehsalçılara çatana qədər ixrac məhsulları xarab ola bilər.

“Bu kompensasiyalar çiyələk, pomidor, bibər və gül kimi tez xarab olan məhsullar üçün nəzərdə tutulub. Buna görə də bütün proses son dərəcə qısa müddətdə təşkil edilməlidir. Lakin bu, asan məsələ deyil. Gömrük rüsumları kompensasiya olunsa belə, Avropa İttifaqına ixrac bazarı formalaşmayıb, məhsullarımız üçün logistika əlaqələri və Avropa bazarında kommersiya razılaşmaları mövcud deyil. Bu əlaqələrin qurulması uzun vaxt tələb edir”, - deyə erməni iqtisadçı bildirib.

Onun sözlərinə görə, gömrük rüsumlarından əlavə logistika xərcləri, Avropa İttifaqındakı bürokratik prosedurlar və uzunmüddətli standartlaşdırma prosesləri də mövcuddur.

Tavadyan qeyd edib ki, hətta Ermənistan pomidorları üçün gömrük rüsumları ləğv edilsə belə, məhsulların Avropa İttifaqının standartlarına uyğun olub-olmaması, daşınma xərclərinin rəqabət qabiliyyətinə təsiri və məhsulun bazara çatana qədər xarab olması kimi ciddi problemlər qalır.

“Avropa İttifaqı ilə fəaliyyət göstərən ticarət əlaqələri olmadığından, oraya çatdırılan məhsulların satılıb-satılmayacağı da sual altındadır. Ermənistan məhsulları Avropa İttifaqına yalnız gömrük rüsumlarına görə ixrac edilmir. Bunun qarşısında çoxsaylı digər maneələr də mövcuddur”, - deyə iqtisadçı vurğulayıb.

Məqalədə həmçinin qeyd olunur ki, seçkilərdən bir neçə gün əvvəl qəbul edilən qərar sonradan ümumiyyətlə tətbiq edilməyə də bilər. Erməni iqtisadçının fikrincə, seçkilərdən sonra vəziyyət sürətlə dəyişə bilər və Ermənistanlı sahibkarlar bu qısa müddət ərzində Avropa İttifaqı ilə dayanıqlı əlaqələr qurmağa nail ola bilməzlər.

“Rusiya ilə əlaqələr isə illər boyu problemsiz fəaliyyət göstərib. Maraqlıdır ki, Avropa istiqamətini dəstəkləyən hakimiyyət dövründə Avropa İttifaqına ixracın artırılması üçün ciddi addımlar atılmayıb. Əksinə, 2018-ci ildən etibarən Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac təxminən beş dəfə artdığı halda, Avropa İttifaqına ixrac 1,5 faiz azalıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin