Kaya Kallas: "İrlandiya Rusiyaya alüminium oksidin daşınmalarını araşdırır"

2025/04/1745916768.jpg
Oxunub: 221     04:14     10 İyun 2026    
İrlandiya hakimiyyəti Avropa İttifaqının (Aİ) Moskva əleyhinə sanksiyalarına baxmayaraq, ölkə tərəfindən idxal edilən əhəmiyyətli miqdarda alüminium oksidinin Rusiyanın müdafiə təchizat zəncirlərinə daxil ola biləcəyi ilə bağlı məlumatlarla bağlı araşdırmalarını davam etdirir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bu açıqlamanı Dublində İrlandiyanın xarici işlər naziri Helen Makenti ilə görüşdən sonra verib.

Məsələ, bu daşınmaların əslində Rusiyanın hərbi sənaye kompleksini silah istehsalında istifadə olunan materiallarla təminatına kömək etdiyini iddia edən jurnalist araşdırmasının dərcindən sonra diqqət çəkib. "Bütün faktları müəyyən etmək bizim üçün vacibdir. Araşdırmalar davam edir və biz İrlandiya hökumətinin bu araşdırmaları aparacağına inanırıq", - Kallas deyib.

Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Brüssel sanksiyalar rejiminə nəzarəti gücləndirməli və mövcud boşluqları bağlamalıdır.

"Avropa bütün boşluqları bağlamalı, sanksiyaların tətbiqini sərtləşdirməli və öhdəliklərimizin konkret hərəkətlərlə dəstəkləndiyini təmin etməlidir. Heç bir Avropa məhsulu Ukrayna mülki vətəndaşlarını öldürən dron və raketlərdə olmamalıdır", - o bildirib.

İyunun 9-da təqdim edilən Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketinə alüminium oksidinin niyə daxil edilməməsi ilə bağlı suala cavab olaraq Kallas etiraf edib ki, məsələ birlik daxilində müzakirə mövzusu olaraq qalır.

"Bu hal göstərir ki, biz də diqqət yetirməliyik. Rusiyanın müharibəni davam etdirməsi üçün lazım olan materiallara, istər müxtəlif metallara, istərsə də neft məhsullarına baxmalıyıq. Gələcək sanksiyaları hazırlayarkən yeni həllər tapmalı və yaradıcı olmalıyıq", - o deyib.

K.Kallasın sözlərinə görə, sanksiya siyasətinin əsas məqsədi dəyişməz olaraq qalır: Rusiyanı hərbi əməliyyatları davam etdirmək üçün resurslardan məhrum etmək.

O, qarşıdan gələn 22-ci sanksiya paketinə alüminium oksidinin daxil edilib-edilməməsi barədə suala Estoniya da daxil olmaqla bir neçə üzv dövlətin artıq belə bir addımı dəstəklədiyini, lakin onun qəbulu üçün bütün Aİ ölkələrinin razılığının tələb olunacağını bildirib.

"Bu ideyanı irəli sürən üzv dövlətlər var, lakin nəticədə bütün ölkələrin razılığı vacibdir. Hazırda bu material sanksiya paketlərinə daxil deyil", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   İrlandiya   Rusiya  


Bizi "telegram"da izləyin