Ordu.az xəbər verir ki, daha əvvəl dayandırıldığı bildirilən proqramın aparılan danışıqlardan sonra yenidən irəliləyiş əldə etməsi hədəflənir.
Nümayəndə heyətində İsrail Müdafiə Nazirliyinə bağlı müdafiə ixracı və əməkdaşlıq agentliyi SIBAT-ın rəsmiləri ilə yanaşı, “Israel Aerospace Industries” (IAI) və “Rafael Advanced Defense Systems” şirkətlərinin təmsilçiləri də yer alıb.
Heyət Yunanıstanın iri müdafiə satınalmalarına cavabdeh qurumu olan Müdafiə İnvestisiyaları və Silahlanma Baş İdarəsi (GDDIA) ilə görüşlər keçirib.
Yunanıstanın son dövrün ən genişmiqyaslı müdafiə layihələrindən biri kimi göstərilən “Axilles Qalxanı” tez-tez İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminə bənzədilir.
Proqram çərçivəsində raket təhlükələri, pilotsuz uçuş aparatı hücumları, hava platformaları və aşağı hündürlükdəki hədəflərə qarşı çoxqatlı hava hücumundan müdafiə arxitekturasının yaradılması planlaşdırılır.
Yunanıstan Hökumətinin Xarici İşlər və Müdafiə Şurasının (KYSEA) mayın 18-də keçirilən iclasında dörd israilli şirkətlə müqavilə imzalanması planlaşdırılırdı.
Lakin Yunanıstanın müdafiə naziri Nikos Dendiasın müqavilələrdə ən azı 25 faiz yunan müdafiə sənayesi iştirakı şərtini irəli sürməsi səbəbilə bəndlər gündəmdən çıxarılıb.
Müdafiə Nazirliyi mənbələrinə görə, bəzi tərəflərin bu şərti daha çevik şərh etməsi danışıqlarda anlaşmazlıq yaradıb. Baş verən böhran səbəbindən ilkin təhvilatların 2027-ci ildən onilliyin sonuna qədər təxirə salına biləcəyi qiymətləndirilir.
Bu həftə Afinada keçirilən görüşlərin əsas gündəm maddəsini yerli sənaye iştirak payı və istehsal bölgüsü təşkil edib. Tərəflərin xüsusilə Yunanıstan müdafiə sənayesinin layihədəki rolu ilə bağlı ortaq mövqedə razılaşmağa çalışdığı bildirilir.
Bütün problemlər həll edilərsə, proqramın iyunda KYSEA tərəfindən rəsmi şəkildə təsdiqlənməsi hədəflənir.
Sevinc Əliyeva
Ordu.az